Zəngibasar mahalının Uluxanlı kəndi yaxınlığında olan bu kənddə ancaq Azərbaycan türkləri yaşamışdır. Hacı Həsən evi kəndinə dair bütün statistik məlumatlar Uluxanlı kəndi ilə bir yerdə verilmişdir. İ.Şopen (1832) Həsənağa kəndi kimi Zəngibasar mahalının xaraba kəndləri siyahısına daxil etmişdir. "Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası" kitabında Zəngibasar mahalının siyahıya salınmayan kəndləri sırasında verilən Həsənağa kəndinin mahalın digər iki kəndi - Sinnik və Qaracalar kəndləri ilə birlikdə 1831-ci ildə Uluxanlı camaatı tərəfindən istifadə edildiyi qeyd olunmuşdur. Bölgənin iqtisadi vəziyyətinə dair 1886-cı ilə aid mənbədə Hacı Həsən evi kəndi ilə Oruc adası kəndi ayrıca kəndlər kimi qeydə alınmışdır. Adından göründüyü kimi, toponim Hacı Həsən şəxs adından yaranmışdır.
İsa Musayev