XVIII əsrin əvvəllərində Osmanlı qoşunları İrəvanı ələ keçirəndən sonra türk sərkərdəsi Rəcəb Paşanın tapşırığı ilə 1725-ci ildə İrəvan qalasının içərisində yeni bir məscid inşa edilmişdir. Məscid onu inşa etdirənin şərəfinə Rəcəb Paşa məscidi adlandırılmışdır. Düzgün paralelepiped formasında və sterik günbəzli məscid, həmçinin Şərq üslubunda həndəsi ornamentlərlə bəzədilmişdir. 1827-ci il oktyabrın 1-də İrəvan qalasının rus qoşunları tərəfindən işğal edilməsindən bir gün sonra Rəcəb Paşa məscidinin günbəzindəki ay-ulduzu çıxarıb, yerində xaç və kilsə zəngi asaraq onu rus provoslav kilsəsinə çevirmişdilər. Bir müddət sonra onun xarici quruluşunda da dəyişiklik edilmiş, fasadına silindrik sütunlar əlavə olunmuş, damına örtük vurulmuş, xristian məbədi formasına salınmışdır. Bu məscid də 1930-cu illərdə İrəvan şəhərinin baş planına qurban olmuşdur.
İsa MUSAYEV