09.02.2023, 12:28
AZ EN
24.01.2023, 18:04 298

Göyərçin nənə: “Ermənilər kəndimizə köçürüləndən sonra qara günlərimiz başladı...”

QƏRBİ AZƏRBAYCAN
  • “Qərbi azərbaycanlıların faciələri bitmədi. Hamımız yaxşı bilirik ki, 1948-1953-cü illərdə xalqımız növbəti deportasiyaya məruz qalmışdır. Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar”. Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşündə səsləndirdiyi bu sözlər 90 yaşlı Göyərçin nənənin də sevincinə səbəb olub.

1953-cü ildə Qərbi Azərbaycandan deportasiya olunan, hazırda Biləsuvar rayonunun Bağbanlar kəndində yaşayan Həsənova Göyərçin İbrahim qızı 1935-ci ildə Vedi rayonunun Çimənkəndində anadan olub. 1953-cü ilə kimi – deportasiya olunana qədər Çimənkənddə yaşayıb. Ermənilərin həmin ərazilərə köçürülməsindən sonra öz doğma yurdundan didərgin düşüb. Göyərçin nənə deyir ki, ömrünün ən gözəl çağları doğma yurdunda, o gözəl meşələrdə, yaylaqlarda keçib. Hələ də o günləri unuda bilmədiyini, ölmədən öncə doğma kəndini görmək istədiyini arzulayır.

“Biz uşaq olanda atam müharibəyə getdi, qayıtmadı. Nə ölməyini bildik, nə qalmağını. Ondan sonra çətin günlərimiz başladı. Ailədə altı nəfər idik. Anam əlinin qabarı, alnının təri ilə bizi böyütdü... Çətinliklərə baxmayaraq böyüdük, hərəmiz bir işlə məşğul olmağa başladıq. Qardaşım müəllim işlədiyi üçün güzəranımız düzəlmişdi. Mal-qaramız var idi, əkin-biçin işi ilə məşğul olurduq. Hər şey yaxşı idi, ta ki, Fransadan erməniləri bizim kəndə gətirənə qədər. Neçə-neçə erməni ailəsini gətirib bizim evlərə yerləşdirdilər. Onların ac qalmamağı üçün bizim evdəki taxılın və buğda sahələrimizin yarısını zorla alıb onlara verdilər. Bundan sonra qara günlərimiz başladı...”.

Bu gün də sürgün olunmağının acısını yaşayan 90 yaşlı Göyərçin nənə o günləri belə xatırlayır: “On səkkiz yaşım vardı. Adi günlərdən biri idi. Səhər eşitdik ki, ermənilər kəndimizə soxulub qoca-uşaq demədən hamını öldürürlər. Səbəbini soruşanda isə, bizə evlərinizi tərk edin dedilər. Biz də evin qapısını bağlayıb qaçmağa başladıq. Neçə-neçə ailəni bir vaqona doldurub yola saldılar. Mal-qaramız, evimiz-eşiyimiz hamısı erməniyə qaldı. Heç nəyi götürə bilmədik. Biz oradan salamat çıxsaq da, bizdən sonra neçə-neçə ailəni, uşaqları öldürmüşdülər”.

Göyərçin nənə deyir ki, o yerləri bir gün də olsa unutmur. “Kəndimiz sanki cənnət idi. Ömür vəfa etsə, o gözəl yerləri yenidən görmək istəyirəm. Bir arzum var, kaş ki, gedib doğma yurdumda öləm” - o yerləri xatırladıqca Göyərçin nənə kövrəlir...  

(AZƏRTAC)

Oxşar xəbərlər