21.11.2024, 19:13
AZ EN
10.01.2023, 13:55 336

Qərbi azərbaycanlı: “Göyçədə 13-14-cü əsrlərin məzar daşlarından da burada azərbaycanlıların yaşadığı məlum olur”

QƏRBİ AZƏRBAYCAN
  • Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Sovet hakimiyyətinin köməyi ilə Ermənistan SSR-nin ərazisinə daxil etməyə nail olublar. Bu zaman ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qətliam, soyqırımı, köçə məcburetmə, ata-baba yurdundan didərgin salınması kimi bir çox faktlar var.

Tanınmış jurnalist Tapdıq Fərhadoğlu ailəsinin Qərbi Azərbaycandan didərgin salınması, kəndlərinə edilən erməni basqınlarından və kəndlərində törədilən etnik təmizləmədən danışıb.

Əslən Göyçə mahalının Basarkeçər rayonunun Qaraqoyunlu kəndindən olan Tapdıq Fərhadoğlu deyir ki, atası, atasının atası, babaları, ən azı ailəsinin 30 nəsil nümayəndələri Qaraqoyunlu kəndində yaşayıblar:

“Ötən əsrin 80-ci illərinin sonlarından ermənilər tez-tez kəndimizə hücum edirdi, ona görə kənddə fövqəladə vəziyyət elan edilmişdi. Onlar sovet hərbçilərinin dəstəyi ilə Azərbaycan kəndlərində azərbaycanlılara qarşı hücumlar təşkil edirdilər. Əslində sovet hərbçiləri Azərbaycan kəndlərini erməni təhdidlərindən qorumaq üçün orada idilər. Lakin bunun əksi müşahidə olunurdu. Ermənilər rahatlıqla kəndlərə soxulur, kənd əhalisini təhdid edirdilər. Kəndlilər isə sadəcə ov tüfəngləri ilə özlərini, ailələrini, kəndlərini qorumağa çalışırdılar. 1905, 1918-1919-cu illərdə Azərbaycan kəndlərinə mütəmadi olaraq daşnak basqınları olub. Kənd sakinlərinin müqaviməti zamanı xeyli qan tökülüb. Kəndimizdə bir yer var idi, həmin yeri “sümük tökülən” dərəsi adlandırırdılar. Həmin dərədə o qədər adam həlak olmuşdu ki, torpağı bir qarış, təxminən 20 santimetr qazanda insan skeletləri üzə çıxırdı. Buradan kənddə baş verən qırğınların miqyasını təsəvvür etmək mümkündür”.

Elə bu səbəbdən o, 1988-ci il noyabr ayının 27-də valideynlərini Qərbi Azərbaycandan - Qaraqoyunlu kəndindən çıxarmaq üçün evlərinə yollanmaq qərarına gəlib:

“Tərtər rayonundan çox çətinliklə bir yük maşını tapıb oradan Kəlbəcər yolu ilə Zod aşırımından kəndimizə uz tutdum. Sovet hərbçiləri bir BMP və bir BTR hərbi texnikaları ilə kəndin girişində dayanmışdılar. Bu zaman öz kəndimizə girə bilmək üçün sovet hərbçilərinə rüşvət verdim. Valideynlərimin yükünü yük maşını ilə Goranboy rayonuna apardıq. İkinci dəfə qalan əşyalarımızı da götürmək üçün evimizə qayıdanda kənddə artıq heç kimin qalmadığını gördüm. Köç zamanı Aşıq Ələsgərin kəndi kimi də bilinən Ağkilsə kəndində yük maşınımız palçığa bataraq yolda ilişib qalmışdı. Bu zaman bir nəfər də olsa, kömək üçün adam tapa bilmədik”.

O bildirib ki, həmin ərazilərdə heç bir zaman erməni yaşamayıb:

“Göyçə mahalında kəndlərin qəbiristanlıqlarında 13-14-cü əsrlərdən qalmış məzar daşlarından da burada azərbaycanlıların yaşadığı məlum olur.

Valideynlərim - atam Fərhad Quliyev, anam Kubra Quliyeva bu dünyadan kəndimizin, öz dədə-baba yurdlarının həsrəti ilə köçdü və ölənədək bu nisgil onların geridə qalan bütün həyatına, yaşayışına öz təsirini göstərdi”.

T.Fərhadoğlu deyib ki, hərdən “Google Map”də öz kəndinə baxır, evlərinin yerini axtarır:

“Evimizin yerini tapsam da, özü yer üzündən bir dəfəlik silinib”. (Report)

Oxşar xəbərlər