20.01.2025, 22:41
AZ EN
26.01.2023, 13:53 364

Qəmərliyə əbədi qayıtmaq istəyən müəllim

QƏRBİ AZƏRBAYCAN

Ailəmiz birinci dəfə 1948-ci ildə Qəmərlidən Ağstafaya deportasiya ediləndə mən dünyaya gəlməmişdim. 1956-cı ildə Stalinin ölümündən sonra atamgil Vətənə qayıtmaq imkanı tapanda isə 4 yaşım olub. Biz qayıdanda Qəmərlidəki kəndimizdə bir nəfər də azərbaycanlı qalmadığından Vedidəki qohumlarımızın yanında məskunlaşmalı olduq. Ağlım kəsəndən evdə ailəmizin və kənd adamlarının hansı şəraitdə köçürülməsi, tanımadıqları yerdə necə əziyyət çəkdikləri barədə söhbətlərə qulaq asırdım. Təsəvvür edin ki, ata babam Ağstafaya, ana babam Beyləqana köçürülsə də, qohumlarımın bir qismi Sabirabad, digərləri İmişli, Şəki, Yevlax, Tərtər və Azərbaycanın digər yerlərinə deportasiya edilib.

1988-ci ildə Qərbi Azərbaycandan ikinci dəfə qaçqın düşərək Sumqayıtda məskunlaşan Əməkdar müəllim Nizami Əhmədov Vediyə qayıtdıqdan sonra hər məqamda ailəsinin və kənd sakinlərinin erməni millətçilərinin təzyiqləri ilə rastlaşdığını xatırlayır. Bunun azərbaycanlılar yaşayan bütün rayonlar üçün xarakterik olduğunu qeyd edən Nizami müəllim Vedidə proseslərin daha qabarıq görünməsini belə izah edir: “Təbii ki, Abbasqulu bəy Şadlınskinin 1918-1921-ci illərdə daşnaklara qarşı təşkil edilən "Qırmızı tabor"un komandiri olduğunu ölkəmizdə hamı bilir. Bu tabordan 19 nəfərin "Qırmızı bayraq" ordeni ilə təltif olunması daşnaklara qarşı müqavimətin nəticəsi idi. Ermənilər bu faktı yaddan çıxarmırdılar”.

1988-ci ildə rayonda azərbaycanlılara qarşı, sözün əsl mənasında, müharibə getdiyini deyən Nizami Əhmədov bildirir: “Rayonun Şirazlı kəndindən Seyidin, Şidli kəndindən Faiqin öldürülməsi, digər kəndlərdən insanların ağır yaralanması yalın əllə müdafiənin perspektivsizliyini göstərdi və qaçqınlıq həyatımız başladı”.

Həmyerlilərinin Azərbaycanın müxtəlif şəhər və rayonlarına - Bakı, Sumqayıt, Mingəçevir, İsmayıllı, Şamaxı, Goranboy, Göygölə yerləşdiyini deyən müsahibimiz Qərbi Azərbaycana qayıdışla bağlı bunları deyib: “Şəxsən mən Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin iradəsinə və günümüzün reallığına inanıram. Ən böyük arzum isə Vətənə qayıdacaq insanların arasında olmaqdır”. (AZƏRTAC)

Oxşar xəbərlər