Qərbi Azərbaycandan olan ziyalı Niftalı Quliyev belə deyib.
Niftalı Ağakişi oğlu Quliyev 1954-cü il oktyabrın 1-də Azərbaycanın dilbər guşələrindən olan Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı kəndində doğulub. 1961-ci ildə Nərimanlı kəndində orta məktəbin birinci sinfinə gedib. 1971-ci ildə İrəvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olub. Ali təhsilini başa vurduqdan sonra ilk əmək fəaliyyətinə də Göyçə mahalında başlayıb.
“1975-ci ildə İrəvan Dövlət Pedaqoji İnstitutunu bitirib Nərimanlı kəndinə qayıtdım, əmək fəaliyyətinə isə Qaraqoyunlu kəndində başladım. 1985-1988-ci illərdə təlim-tərbiyə işləri üzrə direktor müavini kimi fəaliyyət göstərdim. Yoldaşım da Zod kəndindən idi. Nərimanlıda müəllimə işləyirdi. Dörd övlad böyütmüşük. Ən çətin və ən xoş günlərimiz Göyçədə keçib. Hər şey 1988-ci ilin fevral ayında ermənilərin iğtişaşlar törətməsi, böyük nümayişlər keçirməsi ilə başladı...” - deyə N.Quliyev bildirir.
Müsahibimiz deyir ki, ermənilərin təxribatlarına cavab vermək üçün o vaxtkı ölkə rəhbərliyindən dəstək gözləsələr də, onların köməyinə gələn olmayıb: “Göyçədən çıxmamaq üçün əlimizdən gələni etdik. Ermənilər bizim köməksiz olduğumuzu görüb daha da azğınlaşırdı. Evlərə soxulur, yolları kəsir, rayon mərkəzinə gedənləri döyür, daşa basırdılar. Rayon rəhbərliyi də erməni idi. Kəndlilərə xəbər göndərirdi ki, Göyçədən çıxın, yoxsa hamınız qırılacaqsınız. Beləcə Göyçədən kütləvi köç başladı. 1988-ci ildə noyabr ayının sonu - dekabrın əvvəli şaxtalı, boranlı havada minlərlə ailə evini, yurdunu tərk etməli oldu. Nə qədər uşaq yolda şaxtadan dondu”.
Ermənilər mərkəzi yolu bağladıqlarından minlərlə azərbaycanlı Kəlbəcər yolundan keçərək canlarını xilas ediblər. Niftalı Quliyev də valideynləri, bacısı, həyat yoldaşı və dörd övladı ilə birgə min bir əziyyətlə Gəncəyə pənah gətirib.
Bütün bunlara baxmayaraq, Niftalı Quliyev doğma ata-baba torpaqlarına qayıdacaqlarına inamını itirməyib: “Allah mənim canımı Göyçəyə qayıtmadan almayacaq. Böyük ümidim var. İnanıram ki, doğulduğum, böyüyüb boya-başa çatdığım torpaqları görmədən ölməyəcəyəm”. (AZƏRTAC)