21.11.2024, 17:04
AZ EN
19.04.2022, 15:13 470

Umayra Tağıyeva: «Beynəlxalq qurumlar Oxçuçayın ermənilər tərəfindən çirkləndirilməsinə kəskin reaksiya verməlidir»

ŞƏRQİ ZƏNGƏZUR
  • Beynəlxalq qurumlar Oxçuçayın ermənilər tərəfindən çirkləndirilməsinə kəskin reaksiya verməlidir.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

O bildirib ki, nazirlik bununla bağlı mütəmadi olaraq beynəlxalq təşkilatlara məlumatlar verir, çirklənmə səviyyəsini açıqlayır.

"Ermənilər mütəmadi olaraq Oxçuçayı ağır metallarla çirkləndirir. Çayda ən çox çirklənmə halları yanvar-mart və iyun-avqust ayları, əsasən, azsululuq dövlərdə müəyyən edilib.

Oxçuçayda çirkləndirici maddələrin yüksək qatılıqları əsasən yuxarı axında Ermənistanla sərhədə yaxın seçilmiş nöqtədə müəyyən edilib. Orta illik nəticələrə əsasən, Yuxarı axında (Bürünlü kəndi) ammonium 3.4 dəfə, manqan 3.1 dəfə, dəmir 1.5 dəfə, nikel 5.5 dəfə, kadmium 3.4 dəfə, molibden 1.9 dəfə normadan çox olub.

Yuxarı axında müxtəlif dərinliklərdən (səth 10 sm, 20 sm) götürülmüş dib çöküntüləri nümunələrində metalların qatılığının orta və aşağı axına nisbətən daha yüksək olduğu müəyyən edilib.

Qeyd etmək lazımdır ki, çayın çirklənməsinə səbəb Ermənistan respublikası ərazisində fəaliyyət göstərən Qafan və Qacaran mis-molibden kombinatlarından atılan tullantı sularıdır. Tullantı suları təmizlənmədən birbaşa çaya axıdılır, bu da çayın ağır metallarla çirklənməsinə gətirib çıxarır.

Çayın ağır metallarla yüksək səviyyədə çirklənməsi çayın ekosisteminin pozulmasına və orada yaşayan bioresursların məhvinə səbəb olur," - xidmət rəisi deyib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qarabağda olan çaylar üzərində 10 avtomat hodrometeoroloji stansiya quraşdıracağını diqqətə çatdıran Umayra Tağıyeva bildirib ki, 4 çayda - Bəsitçay, Oxçuçay, Bərgüşad və Araz çaylarında qruaşdırılacaq avtomat stansiyalar keyfiyyət sensorları ilə təchiz ediləcək: "Avtomat stansiyalar çayın çirklənməsini onlayn olaraq avtomatik və fasiləsiz olaraq mütəmadi müəyyən edəcək. İstər beynəlxalq qurumlar, istərsə də Azərbaycanın istənilən yerli qurumu həmin stansiyalar vasitəsilə çayın çirklənmə səviyyəsi barədə onlayn məlumat ala biləcəklər". (Trend)

Oxşar xəbərlər