Zerti Aqro-Sənaye kompleksində yaradılan fəaliyyət növlərindən biri də əhalinin ətlə təminatına xidmət edir.
Müəssisədə Türkiyənin qabaqcıl “Cantek” şirkətində istehsal olunan avadanlıqlar quraşdırılıb. Müasir texnoloji avadanlıqla işləyən kəsimxananın maksimum istehsal gücü illik 12 min baş xırdabuynuzlu heyvanı əhatə edir. İslam dövlətlərində belə kəsimxanalar, xüsusilə qurban bayramlarında adamların çox toplaşdığı yerlərdə qurulur.
Kəsimxanada gün ərzində 100-150-ə qədər heyvan kəsmək olur. Ümumilikdə 5 konteynerdən ibarət olan müəssisənin sahəsi 200 kvadratmetrdən çoxdur. Konteynerlədən 3-də kəsim işləri yerinə yetirilir, digər 2 ədəd konteyner isə saxlama kamerasından ibarətdir. Kəsilən heyvanlar bazarlardan və Laçında olan fermalardan alınır.
Müəssisənin heyvan təminatını həyata keçirmək üçün ferma qurulması da planlaşdırılır. Kəsimxanada sanitariya və gigiyena qaydalarına ciddi riayət olunur. Hazırda müəssisədə 22 nəfər çalışır ki, onların 20 nəfəri Laçın sakinləridir. (AZƏRTAC)