Sariban peşə İnkişaf Mərkəzinin ustadları və uşaq yazıçısı Mürşüd İsmayılzadənin iştirakı ilə Laçında uşaqlar və xanımlarla görüş təşkil edilib. İlk görüş Laçın şəhərində məktəbdə gerçəkləşib. Uşaq yazıçısı Mürşüd İsmayılzadə məktəblilərlə faydalı məlumatlar həmçinin kitablar haqqında biliklərini paylaşıb. Eyni zamanda məktəblilər üçün maraqlı sayılan kitabların təqdimatı keçirilib.
Həmçinin məktəblilər arasında viktorina təşkil edilib. Hədiyyə olaraq uşaqlara kitablar verilib.
Uşaq yazıçısı bildirib ki, Laçında belə tədbirlərin keçirilməsi təqdirəlayiqdir: “Görüş zamanı hiss olundu ki, burada təhsil alan uşaqlar savadı ilə bərabər, həm də istedadı ilə seçilirlər. Onlarla kitablar haqqında maraqlı müzakirələrimiz oldu, çox sevindirici haldır azad Laçınımızda savadlı yeni nəsil yetişir. Hətta biz onlarla viktorina təşkil etdik. Uşaqlarımızın hədiyyələri isə onlar üçün faydalı sayılacaq kitablardan ibarət oldu.
İnanırıq ki, belə istedadlı laçınlı uşaqlar Azərbaycanımızın inkişafında mühüm rol oynayacaqlar”.
Bundan başqa Laçında xanımların və uşaqların peşə bacarıqlarının aşkar edilməsi və inkişaf etdirilməsi üçün ustad dərslərə başlanılıb. Peşəkar təlimçilər tərəfindən şam və bilərzik hazırlanmasının asan yolları tədris edilib. Təlimlər əsasında xanımlar və uşaqlar tərəfindən maraqlı əl işləri ərsəyə gətirilib. Hansı ki, düzəldilən əl işləri yeni il ərəfəsində Laçında keçiriləcək yarmarkaya çıxarılacaq. Bu isə onların kiçik biznes qurmasına imkan verəcək. Ustad dərslərin bundan sonra da mütəmadi olaraq təşkil edilməsi nəzərdə tutulub.
Sairban Peşə İnkişaf mərkəzinin direktoru İntizar Rzayeva deyib ki, Laçına gəlmək, bu yerlərə qovuşmaq hər birimizin arzusu olub. İndi isə artıq arzularımız reallığa çevirilib. Bu gün Laçında həmyerlilərimizlə səmərəli ustad dərslərində görüşmək qürurverici bir hisdir. Görüşlər zamanı bir sıra təlimlər gerçəkləşdi. Peşəkar təlimçilərimiz tərəfindən bir sıra əl işlərinin ərsəyə gətirilməsi həm xanımlarımıza, həm də uşaqlara tədris olundu. Bu həmdə laçınlı həmyerlilərimiz üçün onların kiçik bizneslərini qurmağa imkan yaradacaq. Elə burada hazırlanan əl işləri Laçında Yeni il ərəfəsində təşkil ediləcək yarmarkaya çıxarılacaq.
Laçınlı xanımlar da təşkil edilən belə görüşləri müsbət qiymətləndirir. Əminə Şahverdiyeva deyib ki, Laçına qayıtdğımız andan hər keçən günümüz daha maraqlı olur . "Bu gün yenidən Laçınımızda daha xoş bir gün keçirdik. Öz övladlarımızla birlikdə ustad dərslərə qoşulduq. Peşəkar sənətkarların sayəsində bir sıra əl işləri ərsəyə gətirdik. Həm də bu ustad dərslərin sayəsində uşaqlarımızın peşə bacarıqlarının istedadını kəşf etdik. Rəngarəng şamların hazırlanması, təbii daşlardan bilərziklərin düzəldiməsinin asan yollarını öyrənməklə yanaşı, həm də bu işləri öz uşaqlarımıza öyrətmiş olduq. Bu həmdə bizlərin məşğuliyyət və qazanc əldə etməsi üçün faydalı bir ideyadır”.
Zəhra Mirzəyeva Laçında böyüyən balaca fidanlardandır hazırda üçüncü sinif şagirdidir. İndi Laçında yeni sinif yoldaşları və dostları var. Zəhra özünü ata-baba yurduna qayıtdığı üçün xoşbəxt his edir. Təlimlərdə iştirak etdiyi üçün çox sevindiyini deyir. “Biz bu gün bir çox biliklər əldə etdik, bu şamı öz əllərimlə düzəltməyi öyrəndim. Şamlara bəzək vurmaq üçün güllərdən və zərlərdən necə istifadə etməyi öyrəndim. Yoldaşlarımla birlikdə bir sıra əl işlər ərsəyə gətirdik. Belə təlimlər, ustad dərsləri bizi çox sevindirir. Bu əl işlərini düzəltməklə həm bacarıqlarımız təkmilləşdiririk, həm də yeni biliklər əldə edirik. Bizim əl işlərimizin Laçında Yeni il yarmarkasında sərgilənəcəyi çox sevindirir". (AZƏRTAC)