22.11.2024, 01:20
AZ EN
01.06.2024, 12:07 260

Laçın şəhərində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib

ŞƏRQİ ZƏNGƏZUR
  • Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının birgə təşkilatçılığı ilə Laçın şəhərində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş kütləvi idman tədbiri keçirilib.

Laçın rayonunda fəaliyyət göstərən iki təhsil müəssisəsinin – şəhər 2 saylı və Zabux kənd tam orta məktəblərinin komandaları arasında minifutbol oyunu keçirilib. Laçına qayıdışın başlanmasının birinci ildönümünə təsadüf edən tədbirdə təşkilatçı qurumların rəsmi şəxsləri, məktəblilər, valideynlər, ictimai fəallar iştirak ediblər.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Dövlət Himni səsləndirilib. Bildirilib ki, tədbirin məqsədi Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində keçmiş məcburi köçkünlər arasında təbliğat-təşviqat işlərinin aparılması, doğma yurda geri dönən ailələrdən olan uşaqların idmana marağının artırılmasıdır. Qeyd edilib ki, gənc nəslin mənəvi və fiziki cəhətdən sağlam böyüməsinə hərtərəfli dəstək verilməsi Prezident İlham Əliyevin sosial siyasətinin mühüm istiqamətidir. Birinci vitse-prezident Mehriban Əliyeva da bu sahəyə xüsusi diqqət yetirir, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu uşaqlar və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliğinə öz töhfələrini verir.

Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov bildirib ki, dövlətimizin başçısının tapşırıqlarına əsasən, Laçın rayonunda aparılan bərpa-quruculuq işləri geri qayıdan sakinlər üçün yüksək səviyyədə yaşayış şəraitinin təmin olunmasına yönəlib. Onların bədən tərbiyəsi və idmanla məşğul olması, asudə vaxtlarını səmərəli keçirməsi üçün də imkanlar yaradılır. Şəhərdə və yenidən salınan yaşayış məntəqələrində müasir tələblərə cavab verən idman qurğuları inşa edilib və istifadəyə verilib. Uşaqlar və yeniyetmələr müxtəlif idman növləri ilə məşğul olmağa həvəsləndirilirlər. Məsim Məmmədov laçınlıların öz ata-baba yurdlarına qayıdışının getdikcə daha geniş miqyas aldığını, ölkə rəhbərliyinin bununla bağlı məsələləri daim diqqətə saxladığını vurğulayıb. O, rayonun özünəməxsus idman ənənələrinin olduğunu, laçınlı uşaq və gənclərin Azərbaycan idmanının inkişafına bundan sonra da layiqli töhfələr verəcəyinə əminliyini ifadə edib.

Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti Asif Əliyev, veteran futbolçu Asim Xudiyev, Laçın şəhər 2 nömrəli tam orta məktəbin direktoru Sevinc Cabbarova, Zabux kəndinin sakini İlham Əliyev çıxış edərək, Laçına və işğaldan azad edilmiş digər ərazilərə Böyük Qayıdışın başlanmasının xalqımıza böyük sevinc bəxş etdiyini bildiriblər. Onlar doğma yurda geri dönən insanların yeni yaşayış mühitinə uyğunlaşması istiqamətində tədbirlərin əhəmiyyətini vurğulayıb, bu baxımdan, yerlərdə idman yarışlarının təşkilinin əhəmiyyətli olduğunu qeyd ediblər.

Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyası oyundan əvvəl hər iki məktəbdən olan 70-dən çox şagirdə futbol topu, geyimi və ayaqqabısı hədiyyə edib. Maraqlı keçən oyunda Laçın şəhər 2 saylı tam orta məktəbin komandası 2:1 hesabı ilə qalib gəlib.

Sonda tədbir iştirakçıları birlikdə xatirə şəkli çəkdiriblər. (AZƏRTAC)

Oxşar xəbərlər