İşğal dövründə düşmənin başqa məqsədlər üçün istifadə etdiyi kinoteatr indi müasir standartlara cavab verən bir mədəni mərkəzə çevrilib. Burada 230 nəfər eyni anda film izləyə bilər.
Əslən Laçından olan kinorejissor Amil Amal İTV-nin əməkdaşına bildirib ki, bu kinoteatr haqqında valideynləri ona o qədər danışıblar ki, bura ona çox doğma gəlir. O vaxt laçınlılar da dəbdə olan hind filmlərini izləyirmişlər. Bura həm də onlar üçün mədəniyyət mərkəzlərindən biri olub. Rayonun kütləvi-mədəni tədbirləri demək olar ki, burada keçirilirmiş.
Kinoteatrda tammertajlı kommersiya fimlərinin, təkcə yerli yox, xarici bədii və sənədli filmlərin də nümayişi nəzərdə tutulur.
Laçınlı aktyor Rauf Şahsuvarov da ötən günlərdən danışır: “Demək olar ki, hər gün gəlib burada filmə baxırdım, elə vaxt olurdu ki, bir filmi yenidən seyr edirdik. Öz filmlərimizlə yanaşı Hindistan, Amerika filmləri də olurdu. Ümumiyyətlə laçınlılar kono sevəndilər. İndi biz də çalışarıq ki, bu ekrandan görünək...”
Adını üz-üzə dayandığı Hoçaz dağından alan Hoçazfilm ideal və əlverişli bir yaradıcılıq studiyasına çevrilib. Burada elmi-kütləvi, fantastik filmlərin çəkilişləri üçün nəzərdə tutulmuş müasir laboratoriya istifadəyə verilib.
Kinostudiyada həm bədii, həm də sənədli filmlərin çəkilişi nəzərdə tutulub. Burada hazırda ilin sonuna qədər nümayişi nəzərdə tutulan “Qarabağ qubernatoru” adlı əslən Laçından olan Xosrov bəy Sultanova həsr edilmiş filmin çəkilşi gedir.
Kinorejissorun dediyinə görə, Hoçazfilm bura gələn yerli və xarici film istehsalçılarına bələdçilik edəcək, hətta onları müvafiq avadanlıqla təmin edəcək, həmçinin yerli və xarici media, dövlət təşkilatları və özəl kinostudiyaları ilə onlayn əməkdaşlıq quraraq, gələcəkdə çəkiliş pavlionlarını icarəyə verəcək.
Mina RƏŞİD