Növbəti köç çərçivəsində Laçında məskunlaşan Əsədovlar ailəsinin ailə başçısı Əsəd Əsədov deyir ki, doğma yurdu Laçından məcburi köçkün düşdükdən sonra Ağcəbədidə yaşamalı olublar. Ötən illərdə isə Laçına qayıdacağı günü səbirsizliklə gözləyiblər. “Bu gün bizim ən sevincli, ən xoşbəxt günümüzdür. Biz uzun illərdir Laçın həsrətindəydik, bura çatanda hiss etdim ki, Laçın da doğma sakinlərinin həsrətini çəkib. Laçın bizi çox gözəl qarşıladı.
Əlbəttə, doğma yurdumuza şəhidlərimizin sayəsində, qazilərimizin, güclü ordumuzun, müzəffər Ali Baş Komandan İlham Əliyevin sayəsində qovuşduq. Bizim üçün canlarından keçən oğullarımızı dünyaya gətirən anaların əllərindən öpürəm. İnanıram ki, bu gün yaşadığımız sevinci digər məcburi köçkün ailələr də yaşayacaq”, - deyə o bildirib.
Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri sayəsində Laçını abad şəkildə görən Əsədovlar ailəsinin sevinci birəbeş artıb: “Öz həyətimizdə, xatirələrimizin yarım qaldığı yurd yerimizdə bizi müasir standartlara uyğun tikilən evlə təmin etdilər. Yurdumuzun, sözün əsl mənasında, laçın çağlarıdır, hələ daha da gözəlləşəcək və gələcək nəsillər burada daha firavan yaşayacaq”.
Evin xanımı Sürəyya Əsədova da ömrünün çoxunu Laçının kəndində yaşayıb. O, 33 yaşında, Laçın şəhərində yenicə tikilən evlərində yaşamağa başlayanda doğma yurdunu tərk etməli olub. “Yadımdadır, Laçın şəhərinə yeni köçəndə övladlarım üçün dolma və dovğa bişirmişdim. Amma süfrənin üzərində qaldı, Laçını tərk etdik. İndi mətbəxə daxil olanda ilk ağlıma gələn övladlarıma həmin yeməkləri hazırlamaq oldu, artıq firavan günlərimiz yenidən başlayır. Bu xoşbəxtliyi bizə yaşadan Prezidentimizə, güclü ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Bizim yaxınlarımız da bu torpaqlar uğrunda şəhadətə ucalıb. 31 il idi ki, inamımımızı itirmədən Laçına qovuşacağımız günü gözlədik və bu gün arzularımız gerçələşib”, - deyə Sürəyya Əsədova söyləyib.
Artıq Laçın şəhərində 325 ailə, yəni 1245 nəfərin daimi məskunlaşması təmin edilib. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Yaxın günlərdə Laçına növbəti ailələrin köçürülməsi davam edəcək. (AZƏRTAC)