22.11.2024, 01:48
AZ EN
13.11.2023, 12:18 295

Ağalı sakini: "Biz burada xoşbəxt və firavan yaşayırıq"

ŞƏRQİ ZƏNGƏZUR
  • "Ağalıda darıxmağa vaxtımız yoxdur. Ailə üzvlərimizin hamısı işlə təmin olunub. Kənddə yaradılan şərait, göz oxşayan istirahət parkı asudə vaxtımızı səmərəli keçirməyə imkan verir".

Bu fikirləri işğaldan azad edilən Zəngilan rayonunun Ağalı kənd sakini Adilə Süleymanova deyib.

O bildirib ki, 1993-cü il oktyabrın 19-da məcburi köçkün düşəndə 5 nəfərdən ibarət ailə üzvləri olub: "Ermənilər Zəngilanın əksər kəndlərini mühasirədə saxlamışdı. Bizim İran istiqamətində çıxmaqdan başqa yolumuz qalmamışdı. O soyuq havada Araz çayını keçəndə sağ qalmaq heç kimin ağlına belə gəlmirdi. Lakin uzun illərdən sonra sağ-salamat doğma kəndimizə geri döndük. Burada o qədər gözəl şərait yaradılıb ki, keçmiş acıları heç xatırlamaq da istəmirəm. Köç zamanı yaşadığımız o dəhşətləri unutmasam da, ümumiyyətlə, köhnə Ağalını təsəvvür belə etmək istəmirəm. Çünki həmin ağrılı anları ömrümdə heç yaşamamış kimi qəbul etmək istəyirəm. İndi tək mən yox, ailəmiz, qonşularımız və qohumlarımız Ağalının bu günündən o qədər məmnundur ki, bu gözəlliyi qoruyub saxlamaq və daha da gözəlləşdirmək barədə düşünürük. Siz bir ətrafa baxın, bura köçən insanlara yaradılan şəraitə baxın. Ona görə düşünürəm ki, biz burada nə qədər firavan və xoşbəxt yaşasaq, şəhidlərimizin ruhu da o qədər şad olar".

Müsahibimiz deyib ki, Ağalı kəndinə ilk köçən ailələrdən biri olublar: "Artıq neçə aydır ki, fabrikdə işləyirəm, yüksək əməkhaqqı ilə təmin olunmuşam. İşimdən zövq alıram. Düşünəndə ki, illərdir həsrətini çəkdiyimiz doğma yurdumuzdayıq, işin məsuliyyətini bir az da artıq hiss edirik. Ağalısız keçən günləri indi doya-doya yaşamaq istəyirik".

A.Süleymanova əlavə edib ki, Ağalıda sakinlərin gündəlik tələbatını ödəməsi üçün hər şey var. Bütün ehtiyacları qarşılanır.

Qeyd edək ki, bu günədək Böyük Qayıdış layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndində daimi məskunlaşdırılan ailələrin sayı 133-dür (649 nəfər). Köçürülən keçmiş məcburi köçkünlərin böyük qismi əsasən daha ağır şəraitdə yaşayanlardır. Müvafiq qurumlar tərəfindən sakinlər peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin edilirlər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və digər yerlərdə çalışırlar. Köçürülmüş əhali üçün kənddə bütün infrastruktur şəraiti - dövlət xidmətləri mərkəzi, məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və sair mövcuddur. (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR