30.07.2025, 05:18
AZ EN
29.07.2025, 16:26 130

Laçında ətraf mühitin mühafizəsi ilə bağlı profilaktik tədbir keçirilib

ŞƏRQİ ZƏNGƏZUR
  • Laçın rayonunda ətraf mühitin mühafizəsi, ictimai asayişin qorunması və əhalinin ekoloji maarifləndirilməsi məqsədilə profilaktik tədbir təşkil edilib.

Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşəbbüsü ilə təşkil olunan tədbirdə Daxili İşlər Nazirliyinin Laçın Rayon Polis Şöbəsi, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarət Xidməti, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və “Təmiz Şəhər” ASC iştirak edib.

Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən bildirilib ki, tədbir çərçivəsində Laçın şəhərinin ictimai əhəmiyyətli ərazilərində, xüsusilə Həkəri Bulvarı ətrafında monitorinq aparılıb. Monitorinq zamanı sakinlərə, turistlərə və şəhərə təşrif buyuran digər qonaqlara ərazinin təmiz saxlanılmasının vacibliyi barədə məlumat verilib. Ətraf mühitin çirkləndirilməsi hallarının qarşısının alınması məqsədilə tullantıların xüsusi ayrılmış tullantı qablarına atılmasının əhəmiyyəti bir daha vurğulanıb.

Eyni zamanda, bölgədə tez alışan quru otlaq və meşə sahələrinin mövcudluğu nəzərə alınaraq, açıq alovdan istifadə, xüsusilə ocaq qalamaqla bağlı vətəndaşlara xəbərdarlıq olunub. Yanğın təhlükəsinin qarşısının alınması məqsədilə maarifləndirici söhbətlər aparılıb, təhlükəsizlik qaydaları izah edilib.

ANAMA-nın nümayəndələri də monitorinqə qatılaraq, meşə və dağlıq ərazilərdə ehtiyatsızlıqdan baş verən yanğınlar zamanı minaların və partlamamış hərbi sursatların partlama riski barədə əhaliyə ətraflı məlumat veriblər. İşğaldan azad olunmuş ərazilərdə təhlükəsizlik baxımından xüsusilə diqqətli davranmağın vacibliyi və potensial təhlükəli zonalardan uzaq durmağın əhəmiyyəti bir daha vətəndaşların diqqətinə çatdırılıb.

Tədbir zamanı, həmçinin şəhər ərazisində fəaliyyət göstərən ictimai iaşə obyektlərinin, xüsusilə restoranların sahibləri ilə maarifləndirici söhbətlər aparılıb, tullantıların düzgün idarə olunması və ətraf mühitə məsuliyyətli münasibətlə bağlı müvafiq tövsiyələr verilib.

Belə tədbirlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur. (AZƏRTAC)

 

Oxşar xəbərlər