İyunun 20-dən 24-dək “Laçına qayıdan yol” adı ilə davam edəcək layihədə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 17 məzunu abad, müasir şəhər kimi yenidən canlanan Laçının gözəl mənzərələrindən etüdlər yaradacaqlar.
Qarabağın ecazkar təbiətinin təsviri rəssamlıq sənətinin inkişafında bir mərhələ sayılıb. 30 il davam edən işğal boyunca Qarabağı dahi Səttar Bəhlulzadənin, Mikayıl Abdullayevin və əslən laçınlı Nadir Əbdürrəhmanovun tablolarından izləyən gənc rəssamlar özləri indi Laçındadırlar. Artıq nə xatirələrdən nə fotolardan – gözləri qarşısında açılan naturadan yeni əsərlər yaradırlar. Bu mənada gənc rəssamların Laçında keçirilən ilk pleneri tarixi hadisə sayılır.
“Art Passage” Mərkəzində təsviri sənətlə bağlı ardıcıl, davamlı layihələr planı hazırlanıb. Laçında növbəti mərhələdə Azərbaycanın məşhur rəssamlarının iştirakı ilə simpoziumların və beynəlxalq plenerlərin keçirilməsi nəzərdə tutulub. (AZƏRTAC)