Horadiz-Ağbənd dəmir yolu xəttində tikinti-quraşdırma işləri üç mərhələdə həyata keçirilir.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin Tikintiyə Nəzarət İdarəsinin rəis müavini Məhəmməd Nağızadə deyib.
O bildirib ki, birinci mərhələ 30 kilometrlik ərazidə aparılmaqla, Horadiz, Mərcanlı, Mahmudlu və Soltanlı stansiyalarını əhatə edir. Burada torpaq işləri 97 faiz, süni qurğular 93 faiz, dəmir yolunun üst quruluşu elementləri isə 80 faiz həcmində tamamlanıb. Bu mərhələ ümumi icra vəziyyətinin 89 faizini təşkil edir.
İkinci mərhələ Soltanlı, Qumlaq, Həkəri və Mincivan stansiyalarını əhatə edir və 30 kilometrdən 85 kilometrə qədər ərazidə həyata keçirilir. Bu mərhələdəki işlərin ümumilikdə 17 faizi icra olunub. Torpaq işləri 20 faiz, süni qurğular 22 faiz, dəmir yolunun üst quruluşu elementləri isə 5 faiz həcmində yerinə yetirilib.
Üçüncü mərhələ Mincivan, Bartaz və Ağbənd stansiyaları arası 85-110,4 kilometrlik ərazini əhatə edir. Hazırda həmin ərazidə minalardan təmizləmə işlərinə hazırlıq görülür. Prezident İlham Əliyev tərəfindən 2021-ci il fevralın 14-də təməli qoyulan layihənin 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulur. (AZƏRTAC)