22.11.2024, 00:52
AZ EN
21.10.2022, 18:20 182

Vüqar Kərimov: "Cəbrayılda təbiətə buraxılan ceyranların yem bazası ilə bağlı problem yoxdur"

ŞƏRQİ ZƏNGƏZUR
  • Sevindirici haldır ki, Azərbaycanda ceyranların tarixi areallarda reintroduksiyası ilə əlaqədar tədbirlərin azad edilmiş ərazilərdə də həyata keçirilməsinə başlanılıb. Bildiyimiz kimi, Cəbrayıl rayonunda təbiətə 33 baş ceyran buraxıldı. Hər kəsə reintroduksiya olunan ceyranların taleyi və onlar üçün təhlükələrin olub-olmaması maraqlıdır.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib ki, təbiətə buraxılan ceyranlar nəzəri cəhətdən üç əsas təhlükə mənbəyi ilə üzləşə bilərlər. Həmin risklər yem bazasının çatışmaması, yırtıcı heyvanlar və mina təhlükəsidir: “Ceyranların buraxıldığı ərazi həm kifayət qədər böyükdür, həm də Şirvan Milli Parkının təbii iqlim şəraitinə uyğun yerlər seçildiyindən yem bazası ilə bağlı hansısa problem yoxdur. Onların yem bazası kifayət qədərdir. Şirvan Milli Parkında olduğu kimi Cəbrayıl rayonunda da onlar üçün təhlükə mənbəyi olan yırtıcılar canavar, çaqqal və tülküdür. Milli Parkda olduğu kimi burada da ceyranların yırtıcıların hədəfinə çevrilmə ehtimalı nisbətən azdır. Çünki ceyranlar kifayət qədər sürətlə qaça bildiyindən həmin yırtıcıların onların sürətinə çata bilməsi qeyri-mümkündür. Yırtıcıların qurbanına daha çox xəstə, yaralanmış və tələf olmuş ceyranlar çevrilə bilirlər. Mina təhlükəsinə gəldikdə isə seçilmiş ərazi mina riski baxımından daha təhlükəsizdir. Çünki həmin ərazinin bir qismi minalardan təmizlənib. Bununla yanaşı, ceyranlar çəkicə yüngül heyvanlar olduğundan, həmçinin ayaq ölçülərinin kiçik olması səbəbindən pəncəli heyvanlara nisbətən minaya düşmə təhlükələri çox azdır.

V.Kərimovun sözlərinə görə, ceyranların bu dövrdə təbiətə buraxılması onların populyasiyasının artımına və yaşamaq üçün asanlıqla təbii ərazilər seçməsinə hədəflənib: “Həmin ərazilərdə hələ ki, insanlar məskunlaşmayıb, infrastruktur layihələri isə yeni başlayıb. Nəticədə ceyranlar populyasiyalarını daha rahatlıqla artıra və yaşam areallarını asanlıqla seçə biləcəklər. Gələcəkdə ceyranların kütləvi yaşayış yerlərinin xüsusi mühafizə olunan təbiət ərazilərinə çevrilməsi nəzərdə tutulub. Bu addım reintroduksiya olunan ceyranları qorumaq, onların tarixi areallarında bərpasına kömək etmək məqsədi daşıyır”. (AZƏRTAC)

Oxşar xəbərlər