03.07.2025, 23:45
AZ EN
03.07.2025, 17:48 59

Kəlbəcərin su təsərrüfatı yenidən dirçəlir

ŞƏRQİ ZƏNGƏZUR
  • Kəlbəcər Azərbaycanın ən füsunkar, su ehtiyatları baxımından ən zəngin bölgələrindən biridir. Əsrarəngiz təbiəti, təmiz dağ çayları, bulaqları və isti su mənbələri ilə tanınan bu diyar, həm də ölkənin su təsərrüfatı və meliorasiya imkanları üçün mühüm strateji əhəmiyyətə malikdir.

"Vətən səsi" xəbər verir ki, bunu Kəlbəcər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Azər Xasnkişiyev bildirib. O, qeyd edib ki, uzun illər işğal altında qalan Kəlbəcər 2020-ci ildə Vətən Müharibəsi nəticəsində azad edildikdən dərhal sonra infrastrukturların bərpası ilə planlaşdırma işlərinə başlanıb: "Bərpa və quruculuq işləri çərçivəsində rayonun su təsərrüfatı və meliorasiya infrastrukturlarının yenidən qurulması ön plana keçdi. Rayon ərazisində yerləşən Tərtərçay, İstisu, Levçay kimi çaylar artıq dövlətin nəzarətinə qayıdıb və bu resurslardan kənd təsərrüfatı, içməli su təminatı və hidroenerji məqsədi ilə istifadə nəzərdə tutulur".

Azər Xankişiyev deyib ki, Kəlbəcərdə suvarma sistemlərinin yenidən qurulması, torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması və yeni su anbarlarının inkişafı həm kənd təsərrüfatının inkişafına, həm də əhalinin rifah səviyyəsinin yüksəldilməsinə xidmət edəcək. Bu layihələr eyni zamanda ekoloji tarazlığın qorunmasına mühüm töhfə verəcək: "Bölgədə aparılan tədqiqatlar göstərir ki, Kəlbəcərin su ehtiyatları təkcə yerli deyil, həm də ümumrespublika səviyyəsində əhəmiyyət daşıyır. Yeni meliorasiya layihələrinin reallaşdırılması sayəsində rayonun kənd təsərrüfatı potensialı tam şəkildə işə salına bilər. Kəlbəcərin su təsərrüfatı və meliorasiyası təkcə iqtisadi layihə deyil, həm də strateji və milli maraqlar baxımından böyük önəm daşıyır. Bu sahədə atılan addımlar və gələcəkdə görüləcək işlər regionun dirçəlişinə töhfə verəcək".

Elxan SALAHOV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR