Tədqiqatçıların fikrincə zilanlılar Türkiyənin Van şəhərinin yaxınlığında yerləşən Zilan dərəsi, Zilan vadisi, Zilan çayı ətrafında yaşamışlar.
Zilanlılar 1930-1940-cı illərə kimi köçəri həyat tərzi yaşamışlar. Onların əsas məşğuliyyəti qoyunçuluq idi. Zilanlıların üç yerdə yaşayış məskəni olmuşdur. Onlar qış aylarında hazırkı kəndlərində, yaz-payız aylarını Laçın rayonunun Cicimli və Qərbi Azərbaycanın Gorus rayonunun Xinzirək kəndlərinin yaxınlığında, Qoşa günbəz piri yaxınlığında yerləşən yurd yerində, yay aylarında isə Qərbi Azərbaycanın Sisyan rayonu ərazisində yerləşən Salvarti yaylasında keçirirdilər. Zilanlıda qoyunçuluq o qədər inkişaf edibmiş ki, kənddə 100-200 baş qoyunu olan adam ən kasıb adam hesab olunurdu. Zilanlı sözünün zəhərli ilan mənası daşıdığı da ehtimal olunur. Onlar qədim zamanlarda yanaqlarına ilan şəkli çəkərmişlər ki, bu da onların tayfalarının rəmzi sayılırmış. Zilanlı kəndi 7 tayfadan ibarət olmuşdur. İşğal dövrünə qədər kənddə orta məktəb, klub, 2 kitabxana, 2 uşaq bağçası, heyvandarlıq kompleksi, 600 ton tutumu olan anbar, xəstəxana, çörəkbişirmə sexi, 2 mağaza, 2 yeməkxana və s. olmuşdur. 25 oktyabr-10 noyabr 2020-ci il tarixində Qubadlı şəhəri və 41 kəndi azad olunmuşdur.
İsa Musayev