Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Kəlbəcər rayonunun kəndləri içərisində özünəməxsus yer tutan bu kənd Ağdaban çaynın sağ sahilində, Murovdağ silsiləsinin cənub ətəyində Ağdaban dağının yamacındadır və adını eyniadlı dağdan almışdır. 19-cu əsrin sonunadək Dəmirçidam kəndinin binəsi olan Ağdaban kəndi 1905-ci ildə dəlləkli, məmmədli, məhərrəmli, feyzalılar və başqa bir qrup ailələrin buraya köçməsi ilə yaranmışdır. Kənd əhalisinin əsas məşğuliyyəti tütünçülük və heyvandarlıq idi. Burada klub, orta məktəb, kitabxana , tibb məntəqəsi fəaliyyət göstərirdi. Toponim “Ağ rəngli aşırım”, “ağımtıl dağ keçidi” mənasını verir. Ağdaban kəndi Usaçıq kəndi ilə uzun illər qonşu olub. Gözəl yaylaqlara, bulaqlara malik olan kəndin Qaraqaya yurdu, Salmanın yurdu, Cəmilli yurdu, Dərə yurdu, Çiçəkli yurdu və.s. yaylaqları, Aşağı turş sular, Böyrək bulaq, Novlu bulaq, Ağbulaq, Qızlar bulağı, Buz bulaq və digər bulaqları vardır.
Bütün bu gözəlliklərlə yanaşı kəndin başı çox ağrılar çəkmişdir. 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə 130 evdən ibarət olan Ağdaban kəndi erməni quldurlarının hücumuna məruz qaldı. İşğal zamanı 67 nəfər qətlə yetirilib, 8 qoca, 2 uşaq, 7 qadın diri-diri yandırılıb, 12 nəfər ağır bədən xəsarəti alıb, 2 nəfər itkin düşüb. Lakin uzun illərdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ordu quruculuğu sahəsindəki uğurları Kəlbəcər rayonunun, o cümlədn Ağdaban kəndinin döyüşsüz olaraq azad olunmasına gətirib çıxardı. Bu gün bütün azad olunmuş ərazilər kimi Kəlbəcərin kəndlərində də yeni həyat qurulur.
İsa MUSAYEV