Qəsəbədən Böyük vətən müharibəsində iştirak edənlərdən 68 nəfəri həlak olmuş, 54 nəfəri isə geri qayıtmış veteranlardır.
Bunlarla yanaşı Mincivanın əmək qəhrəmanları da çoxluq təşkil edirdi. Əmir Məmmədov, Məhparə Məmmədova Sosialist Əməyi Qəhrəmanı, Əli Atakişiyev, Ruqiyə Məmmədova, Fatma Əbilova, İman İmanov, Bəhmən Kərimov “Lenin” ordeni, İman Şahsuvarov “Qırmızı Əmək Bayrağı” ordeninə layiq görülmüşlər.
Qəsəbədə iki orta, bir səkkizillik məktəb fəaliyyət göstərirdi ki, burada da görkəmli müəllimlərin sayəsində Respublikamız üçün layiqli kadrlar yetişmişdir.
Mincivan qəsəbəsində ikimərtəbəli, 120 çarpayılıq xəstəxanada 227 nəfərdən ibarət olan tibb heyəti xidmət göstərirdi.
Yuxarıda qeyd etdiyimiz kimi müəllimlərin əməyi bəhrə vermiş, qəsəbə sakinlərindən 16 nəfəri müxtəlif sahələr üzə elmi dərəcə almışlar. Məhərrəm Həsənov – Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı, Hüseyn İbrahimov və Nuşirəvan Rüstəmov professor, Tağı Atakişiyev, Adil Balıyev, Qoşqar Əliyev, Allahverdi Teymurov, Müşfiq Orucov və başqaları fəlsəfə doktorlarıdır.
Birinci Qarabağ müharibəsində Mincivandan 34 nəfər həlak olmuş və bəziləri itkin düşmüşdür. Mehdiyev İsmayıl Davud oğlu Vətən müharibəsi şəhididir. 15 nəfər mincivanlı Qarabağ əlilləri isə bu gün Bakı şəhərində yaşayırlar.
İdman sahəsində də dünya şöhrətli gənclər yetişmişdir: Əhmədov Orxan Əli oğlu Yunan-Roma güləşi üzrə Avropa və Dünya çempionu, Qurbanlı Asiman Fətulla oğlu “şotokan-karate” üzrə dəfələrlə qızıl medala layiq görülmüş Avropa birincisi olmuşdur. Elhad Şakir oğlu Nəzirli Azərbaycanın “Neftçi”, “Qarabağ” klublarında, həmçinin Moldovanın “Milsami”, Rumınyanın “Petrolul” klublarında oynamışdır.
Uzun illər işğala məruz qalan torpaqlarımız kimi Mincivan qəsəbəsi də Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə 21 oktyabr 2020-ci ildə işğaldan azad olundu.
İndi burada dəmiryol və şose yolları çəkilir, ərazi abadlaşır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində tezliklə Mincivandan Naxçıvana və qardaş Türkiyəyə dəmiryolu xətti də çəkiləcəkdir. Bu xoş günlər lap yaxındadır.
İsa Musayev