02.06.2025, 23:21
AZ EN
06.01.2023, 08:35 519

Qubadlı Rayonu, Padar kəndi

ŞƏRQİ ZƏNGƏZUR
  • Qubadlı rayonunun Padar kəndi Həkəri çayının sahilində yerləşir. Padar yaşayış məntəqəsi oğuz-səlcuq tayfalarından biri olan padarların adı ilə bağlıdır. Padarlar Elxanilər (Hülakülər) dövründə XIII əsrdə Azərbaycana Orta Asiyadan gəlmişlər. Təxminən 8 əsr bundan əvvəl İran səltənəti monqolların əlində olan vaxt onlar hakimiyyəti qoruyub saxlamaq üçün Türküstandan 200 min ailəni, ağ hun tayfasına mənsub olan qayı türklərini İrana və Azərbaycana köçürmüşlər.

Həmin qayı türklərinin tərkibində qacar, əfşar, çobanı, ustac, callı qəbilələri ilə birlikdə padar ailələri də olmuşdur. Sonralar padarlar başqa ərazilərə də köçüb çoxlu kəndlər bina etmişlər. Padarların mənşəyi oğuz tayfaları ilə bağlıdır. Bəzi alimlərə görə,(akademik İ.M.Meşşannikov və başqaları) padar oykonimi e.ə.VIII əsrdə Urartu kitabələrində adı çəkilən Patari oykonimi ilə əlaqədardır. Ləzgilər padarları "kyure" adlandırmışlar. Əvvəllər Azərbaycanın cənubunda yaşamış padarları Səfəvilər dövründə XVI-XVII əsrlərdə dağlı tayfaların basqınlarının qarşısını almaq məqsədilə şimal zonalarına, indiki Quba rayonu və ona yaxın ərazilərinə köçürmüşlər (Şah İsmayıl və Şah Təhmasib tərəfindən). Şahsevən tayfa ittifaqında mühüm rol oynayan padarlar sonralar müəyyən ictimai-iqtisadi hadisələrlə əlaqədar müxtəlif ərazilərə səpələnmişlər.

XIX əsrdə Cavad qəzasında yaşayan padarlar bir çox tirə və qollardan (ilxıçı, qaraçürüklü, axtaçı,pülüklü, küyülçü və s.) ibarət idilər. Oğuz, Ağsu, Dəvəçi, Hacıqabul, Xaçmaz və Dərbənd rayonlarında da Padar adlı kəndlər mövcuddur. Zaqatalada Padar adlı çay da var (Qanıq çayının qolu).

Padar kəndinin toponimləri: Toxmaq təpə, Yolaşan, Yaqub dərəsi, Xan dərəsi, Dəyirman  boyu, Məcidli, Quru bağ, Kollu  bağ, Turbalar, Şam, Yanıq yazı, Ağakişi əkən, Kiçik Həkəri, Leyleyin gölü, Asma körpü, Padar körpüsü (uzunluğu 130 m), Mal binəsi, Çinarlar, Enli Qobu, Quşaq təpə, Şıç təpə, Sarı qaya, Qarağac, Motal daş, Cinli qaya, Qırçınlı qala.

Padar kəndi 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər