20.07.2025, 06:06
AZ EN
19.07.2025, 15:14 143

“Qayıdış könüllüləri” Ağdam rayonunda humanitar minatəmizləmə fəaliyyətinin gedişatı ilə tanış olub

QARABAĞ
  • Minalar və partlamamış hərbi sursatların təhlükəsi Azərbaycan və ümumiyyətlə bütün bəşəriyyət üçün xüsusi aktuallıq kəsb edən problemlərdən biridir. Minalanmış ərazilərin təmizlənməsi və mina təhlükəsi barədə ictimaiyyətin məlumatlandırılması Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əsas fəaliyyət istiqamətlərindən biridir. Lakin bu fəaliyyətin yalnız texniki işlərlə məhdudlaşmaması, ictimai dəstəyin və vətəndaş məsuliyyətinin artırılması da olduqca vacibdir.

ANAMA-dan bildirilib ki, xüsusilə gənclər arasında mina təhlükəsinə dair maarifləndirmənin aparılması, könüllülərin bu prosesə cəlb edilməsi, həmçinin sosial və təbliğatyönümlü tədbirlərdə gənclərin iştirakı böyük önəm kəsb edir.

Bu məqsədlə ANAMA və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Böyük Qayıdış” Gənclər Təşkilatı İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə “Qayıdış könüllüləri”nin Ağdam rayonuna infoturuna start verilib.

İnfotur çərçivəsində könüllülər ANAMA tərəfindən Ağdam rayonunun Nəmirli kəndi ərazisində icra edilən humanitar minatəmizləmə əməliyyatları ilə tanış olub. Ərazilərin təmizlənməsi metodologiyaları, minaaxtaranın istifadə etdiyi alət və avadanlıqlar, mina və partlamamış hərbi sursatların nümunələri nümayiş olunub, minaların təhlükəsi, törədə biləcəyi fəsadlar barədə məlumat verilib.

Mina təhlükəsi ilə mübarizədə ictimai iştirakçılığın və gənclərin fəallığının artırılması, təşəbbüslərinin dəstəklənməsi məqsədilə könüllülərin iştirakı ilə agentliyin Ağdam mobil bazasında panel müzakirələr keçirilib. Səfər çərçivəsində “Qayıdış könüllüləri” ANAMA-nın yaradılmasının 27 illiyi münasibətilə minaaxtaranlara məsuliyyətli və fədakar fəaliyyətlərinə təşəkkür olaraq fləşmob təşkil edib. Belə səfərlərin nəticəsi olaraq gələcəkdə könüllülər “Böyük Qayıdış” Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda məskunlaşan əhali arasında mina təhlükəsinə dair təbliğat və təşviqat, maarifləndirmə işlərində öz töhfələrini verə biləcəklər. (AZƏRTAC)

Oxşar xəbərlər