Novruz şənliyində məktəb kollektivi ilə bərabər, valideynlər, qazilər də iştirak ediblər. Məktəbin həyətində açılan sərgilərdə baharın gəlişini bildirən atributlar yer alıb. Həmçinin bir çox milli adətlərimizi əks etdirən əşyalar nümayiş olunub, süfrələr şəkərbura, paxlava, qoğal və digər şirniyatlarla bəzədilib, Qarabağ çeşniləri ilə toxunulan xalçalar sərilib. Cəhrə, qədim məişət əşyaları, toxuculuq alətləri, səhəng, nehrə və digər alətlər Novruz şənliyində şagirdlərin maraqlarına səbəb olub.
Novruzun rəmzləri olan keçəl və kosa şənliyə gələrək uşaqlarla maraqlı oyunlar oynayıb, duzlu-məzəli zarafatları ilə şənliyə rəng qatıb. Uşaqlar yumurta döyüşdürüb, milli geyimlərdə rəqs ediblər.
Daha sonra təhlükəsizlik qaydaları nəzərə alınmaqla tonqal qalanıb, uşaqlar tonqal ətrafında yallı gediblər.
Qeyd edək ki, Füzuli şəhərində 596 ailə olmaqla, 2245 nəfərin daimi məskunlaşması təmin edilib. Məktəbdə 450-dən çox şagird təhsil alır. (AZƏRTAC)