21.11.2024, 21:19
AZ EN
07.02.2024, 14:48 289

Ağdamın işğaldan azad edilmiş ərazilərində 3 məntəqədə səsvermə təşkil olunub

QARABAĞ
  • Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərində 118 saylı seçki dairəsinin üç məntəqəsində keçirilir. 57 saylı məntəqə Ağdam şəhəri Konfrans mərkəzində, 58 saylı məntəqə “Azərenerji” ASC-nin binasında, 59 saylı məntəqə Kəngərli kəndində təşkil edilib.

57 saylı məntəqə seçki komissiyasının sədri Arzu Rəhimova bildirib ki, məntəqə üzrə 1414 seçici qeydiyyata alınıb. Seçki məntəqəsində seçkilərin şəffaf və demokratik keçirilməsi üçün hər cür şərait yaradılıb. Seçicilər səsvermədə fəallıq göstərir, məntəqəyə gələrək sərbəst və azad şəkildə öz vətəndaşlıq borclarını yerinə yetirirlər.

Məntəqəyə gələn seçicilərin hər biri səsvermədə böyük ruh yüksəkliyi ilə iştirak etdiyini bildirib. Ağdamda yol tikintisində çalışan Həbib Ağasiyev deyib: “Bu gün iş yoldaşlarımızla birlikdə böyük ruh yüksəkliyi ilə gəlib səsvermədə iştirak etdik. Azad ərazilərdə işləmək, səs vermək olduqca qürurvericidir”.

Səsvermənin gedişini izləyən müşahidəçilər Rahibə Süleymanova və Dürriyə Rəhimova seçkilərin seçicilərin fəallığı ilə, demokratik, şəffaf şəraitdə keçdiyini və heç bir qanun pozuntusuna rast gəlmədiklərini bildiriblər.

Qeyd edək ki, budəfəki seçkilər ilk dəfə Azərbaycanın beynəlxalq səviyyədə tanınan bütün ərazilərində keçirilir.

Ölkə üzrə səsvermə hüququ olan 6 milyon 478 min 623 seçici qeydə alınıb. Seçicilər 6537 məntəqədə səs verəcəklər. İşğaldan azad edilmiş ərazilərdə 26 məntəqə fəaliyyət göstərir. Həmçinin 37 ölkədə 23 minə yaxın seçici 49 məntəqədə səs verə biləcək.

Seçkiləri izləmək üçün 90 mindən artıq müşahidəçi qeydə alınıb. Bunun 790 nəfəri beynəlxalq müşahidəçidir. Müşahidəçilərin 50 mindən çoxu isə 19 siyasi partiyanın nümayəndəsidir. Bundan əlavə, Azərbaycanda fəaliyyət göstərən 83 qeyri-hökumət təşkilatı da müşahidələr aparır. Həmçinin seçkiləri 109 beynəlxalq media qurumunun 216 nümayəndəsi izləyir. (AZƏRTAC)

 

Oxşar xəbərlər