22.11.2024, 02:33
AZ EN
22.10.2022, 21:00 189

Vüsal Qurbanov: "“Mingəçevir reqatası-2022”nin ilk günü və açılış mərasimi Suqovuşanda böyük təntənə ilə qeyd olundu"

QARABAĞ
  • Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) işğaldan azad olunmuş ərazilərdə, cənnət Qarabağda – Suqovuşanda ikinci beynəlxalq turnir təşkil etdi.

Bu sözləri AKAF-ın mətbuat üzrə nümayəndəsi Vüsal Qurbanov avarçəkmə üzrə “Mingəçevir reqatası-2022” zamanı jurnalistlərə müsahibəsində deyib.

Bildirib ki, ilk beynəlxalq turnir cari ilin mayında ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə təşkil olunan “Prezident kuboku-2022” reqatası idi. Həmin yarışda 5 ölkədən idmançılar mübarizə aparmışdı. Hazırda davam edən “Mingəçevir reqatası-2022”də isə 13 ölkədən 150-dək atlet medallar uğrunda yarışır. Reqatanın ilk günü və açılış mərasimi Suqovuşanda böyük təntənə ilə qeyd olundu. Suqovuşan su anbarında baş tutan yarışda 200 metr məsafəyə kayak və kanoe yarışlarında qaliblər müəyyənləşdi. Turnirin ilk günündə Azərbaycan idmançıları 14 medal əldə etdilər.

“Turnirin növbəti günlərinə isə Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzi ev sahibliyi edəcək. Mingəçevirdə əsasən, 500, 1000 metr məsafəyə kanoe və kayak, 1000 və 1500 metr məsafəyə isə akademik avarçəkmə yarışları təşkil olunacaq”, - deyə V.Qurbanov əlavə edib.

Qeyd edək ki, oktyabrın 23-dək davam edəcək reqatada Azərbaycanla yanaşı, Türkiyə, Bolqarıstan, İtaliya, Gürcüstan, Macarıstan, Moldova, Polşa, Qazaxıstan, Rumıniya, Serbiya, Özbəkistan və Ukraynadan idmançılar medallar uğrunda mübarizə aparırlar.

Oxşar xəbərlər

SON XƏBƏRLƏR