22.11.2024, 21:03
AZ EN
04.02.2024, 19:02 326

Yenidən qurulan Füzuli şəhərində 1292 nəfər səs verəcək

QARABAĞ
  • Füzuli şəhərində 527 ailə olmaqla, 1969 nəfərin daimi məskunlaşması təmin edilib. Həmin sakinlərdən səsvermə hüququ olan 1292 nəfər doğma yurdunda ilk dəfə səs verəcək.

Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində səsvermə prosesi işğaldan azad olunan Füzuli şəhərində 3 məntəqədə baş tutacaq. 84 saylı Füzuli seçki dairəsi dairə seçki komissiyasının sədri Ramiz Teymurovun verdiyi məlumata görə, dairədə, ümumilikdə, 77 seçki məntəqəsi üzrə 54457 seçici qeydə alınıb. Onlardan 3619 nəfəri işğaldan azad olunan ərazilərdəki 75, 76 və 77 saylı seçki məntəqələrində səs verəcək. 77 saylı seçki məntəqəsində qeydə alınan 1292 nəfər Füzuli şəhərinə qayıdan keçmiş məcburi köçkünlərdir. 75 saylı seçki məntəqəsində səs verəcək 1351 nəfər, 76 saylı seçki məntəqəsində isə 976 nəfər işğaldan azad olunan ərazilərdə çalışanlardır.

Dairə üzrə seçki prosesini izləyəcək 1020 müşahidəçi qeydə alınıb ki, bu müşahidəçilərdən 24 nəfəri işğaldan azad olunan seçki məntəqələrində iştirak edəcək.

Səsvermədə iştirak edəcək sakinlərdən biri də Elmir İsmayılovdur. O, fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində həvəslə səs verəcəyini bildirib: "Biz Füzuli sakinləri hər bir azərbaycanlı kimi bir çox tarixi hadisələrə şahidlik etdik. Qüdrətli ordumuzun gücü sayəsində Qələbə sevincini yaşadıq. Doğma şəhərimiz qısa müddətdə dövlətimiz tərəfindən yenidən quruldu və bizlər də qalib ölkənin qalib vətəndaşı olaraq doğma yurdumuza qayıtdıq. Daha bir tarixə günə öz elimizdə şahid olacağıq".

Vaqif Xanlarov da Füzuli şəhərinə qayıdan sakinlərdəndir. O, Birinci Qarabağ müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Bildirib ki, bu torpaqların hər qarışı uğrunda qəhrəman oğullarımızın qanı axıb, ona görə burada yaşamaq, tikib-qurmaq qürurvericidir. "Özümü dünyanın ən xoşbəxt adamı hiss edirəm, çünki Füzulidə ilk dəfə səsvermədə iştirak edənlərdən biri də mənəm. Bir vaxtlar uğrunda döyüşdüyümüz torpaqlarda indi daha bir tarixi günə hazırlaşırıq. Biz 30 il bu dağların, dərələrin, doğma yurdumuzun hər qarışına həsrət qaldıq. Amma indi artıq qalib xalq olaraq öz elimizə qayıtmışıq. Yenidən qurulan Füzuli şəhərində bizim üçün hər bir şərait yaradılıb. Bir çox bayramı Füzulidə sevinc və qürur hissi ilə qarşıladıq. İndi də qarşıdan prezident seçkiləri gəlir. Bu seçkilərdə böyük həvələ iştirak edəcəyəm”, - deyə o əlavə edib. (AZƏRTAC)

Oxşar xəbərlər