19.10.2024, 15:44
AZ EN
19.01.2024, 16:53 163

Füzuli sakini: Evimizin bir eyvanından erməni vandalizmini, digərindən isə abad şəhəri görürük

QARABAĞ
  • Yenidən qurulan Füzuli şəhərində həyat öz axarına qayıdır. Şəhərdə artıq 410 ailə olmaqla, 1519 nəfərin daimi məskunlaşması təmin edilib. Ailələr üçün yenidən inşa olunan binalarda yaşayış üçün hər cür şərait yaradılıb.

2020-ci ildə, Vətən müharibəsində Azərbaycan Ordusunun qələbə qazandığı Zəfər yolu ilə irəliləyirik. Ətrafda erməni işğalı dövründə qurulan istehkamlar, minalı sahələr, erməni vandalizmi nəticəsində dağıdılan kəndlər, viran qoyulan yurd yerləri görünür. Nəhayət, Füzuli şəhərinə çatırıq, köhnə şəhər mərkəzi viran qoyub, yolun digər tərəfində isə yenidən ucalan binalar diqqət çəkir.

Artıq həyatın qayıtdığı Füzulidə uşaqların sevinc səsləri eşidilir. Məhəllə ilə irəliləyərkən sakinlərdən birinə yaxınlaşırıq. Rəna Hümbətova Füzulidən 7 yaşında çıxıb, ailəsi ilə birlikdə məcburi köçkün həyatı yaşayıb. 1994-cü ildə uğurlu Horadiz əməliyyatı zamanı azad olunan kəndlərdən birinə qayıdaraq orada məskunlaşıblar. Deyir ki, 2020-ci ildə digər torpaqlarımızla yanaşı, Füzulinin də azad edilməsini toy-bayram kimi qarşılayıblar.

Rəna Hümbətova Füzuli şəhərinin bərpasına başlanıldıqdan sonra peşəsi üzrə fəaliyyətini burada davam etdirmək qərarına gəlib: “Bu yerlərə yaşadığımız kənddən həsrətlə baxırdıq, qayıdacağımız günü gözləyirdik. Nəhayət qəhrəman ordumuz tarixi Qələbə qazandı. İndi Füzuli şəhəri bərpa olunur. Fəaliyyətimi buradakı məktəbdə davam etdirmək üçün müraciət etdim və hazırda Füzuli şəhər məktəbində çalışıram. Məktəb illərində şagirdlərimə torpaqlarımızın işğal tarixləri barədə dərs keçmək çox çətin idi. Amma indi azad Füzulidə şagirdlərə işğal tarixindən deyil, Zəfər yürüşündən, torpaqlarımızın qəhrəman oğulların sayəsində azad edilməsindən danışırıq. Bu, bizə böyük qürur verir".

Füzuli şəhərində məskunlaşan sakinlərdən biri də həyat yoldaşı ilə doğma şəhərinə qayıdan Nazilə Əliyevadır. O, 1958-ci ildə Füzuli şəhərində dünyaya göz açıb və ailəsi birlikdə mərkəzi küçələrdən olan Qaqarin küçəsində yaşayıb. Doğma şəhəri ilə bağlı xoş xatirələri olsa da, sonuncu dəfə Füzulidən top səsləri altında çıxmalı olublar.

“Füzuli Qarabağın dilbər guşələrindən biridir. Çox gözəl günlərimiz olub burada, amma işğal arzularımızı yarımçıq qoydu, darmadağın xəyallarla məcburi köçkün düşdük... 1992-ci il martın 16-da ermənilər Füzulini, dinc əhalini top atəşinə tutmağa başladı və biz bir il mərmi səsləri ilə yaşamalı olduq. Lakin 1993-cü ildə doğma elimizi tərk etməli olduq. İki körpə qız övladım və həyat yoldaşımla birlikdə çətin anlar yaşadıq. Düzdür, bizlərə dövlətimiz tərəfindən qayğı və diqqət göstərildi, amma yurd həsrəti ilə yaşamaq bizə mənəvi əziyyət verirdi. Nəhayət, Zəfər bizlərə qismət oldu, qələbə sevinci yaşadıq. Döyüşlərin ən qızğın getdiyi bu yerlərdə minlərlə şəhidimizin qanı axıb, ona görə bu torpaqlar bizim üçün and yeridir”, - deyir Nazilə xanım.

Füzuliyə, yenidən qurulan şəhərə sevinc göz yaşları ilə qayıdan həmsöhbətimiz burada dövlətimiz tərəfindən hər şəraiti olan iki otaqlı evlə təmin edilib: “Evimizin iki eyvanı var. Bir tərəfə baxanda Füzulidə erməni vandalizminin izlərini görürük. Uşaqlıq illərimin şən keçdiyi o məhəllə artıq viran olub, gəlin köçdüyüm evimiz dağıdılıb. Amma digər tərəfə baxanda abad şəhəri, uşaqların sevinc dolu səslərini, həyatın yenidən canlanmağını görürəm”.

Yusif Əliyev də Füzuli şəhər sakinidir, 1947-ci ildə burada dünyaya göz açıb. Erməni işğalı zamanı doğma yurdundan didərgin düşüb. 76 yaşında Füzuli şəhərində qayıdanda isə yeni, firavan həyata başladığını hiss edib. “30 ildən sonra işğaldan azad edilən şəhərimizə qayıdanda yol boyu ermənilərin bizim evləri sökərək səngər qazdıqlarını, istehkam düzəltdiyini, sahələri necə minaladıqlarını gördükdə dəhşətə gəldim. Həmin an düşündüm ki, güclü ordumuz, qəhrəman oğullarımız bu çətin relyefdə düşmənin illərdir nəzarətində olan əraziləri necə azad edib..? Şəhərimizə çatdıqda isə yeni qurulan Füzuli məni heyrətə gətirdi. Dövlətimiz qısa müddətdə bizlər üçün yeni binalar inşa edib, bütün infrastruktur yaradılıb, qardaş Özbəkistan tərəfindən şəhərimizdə tam müasir yeni məktəb binası inşa olunub. Həmçinin istirahət parkı, uşaqların əyləncəsi üçün meydançalar yaradılıb. Evlərimiz də tam müasir standartlara uyğun inşa olunub, istilik, elektrik enerjisində kəsilmə yoxdur. Bizlərə bu xoşbəxt günləri bəxş edən şəhidlərimizə rəhmət diləyir, qazilərimə şəfa arzu edirəm”, - deyə Yusif Əliyev düşüncələrini bizimlə paylaşır.

Qeyd edək ki, yaxın günlərdə Füzuliyə ailələrin köçürülməsi davam etdiriləcək. Hazırda bu şəhərdə yeni binaların tikintisi sürətlə davam edir. (AZƏRTAC)

 

Oxşar xəbərlər