Bu mərhələdə Sarıcalı kəndinə 39 ailə - 169 nəfər köçürülüb. Sarıcalıya köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
Açarların təqdim edilməsi mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Keçmiş məcburi köçkünlərə doğma ata-baba yurdlarında mənzillərin açarı təqdim edilib və ailələr yeni evlərində yerləşiblər. Bununla da Ağdam rayonunun Sarıcalı kəndində, ümumilikdə, 149 ailənin (609 nəfər) qayıdışı təmin olunub.
Doğma yurda qovuşan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər. (AZƏRTAC)