Görüş iştirakçıları Füzuli Mərkəzi Parkının şəhərin həyatındakı rolu və əhəmiyyəti, parkda sosial-mədəni tədbirlərin keçirilməsi üçün müvafiq şərait, park ərazisində fəaliyyət növlərinə uyğun funksional zonaların yaradılması və digər mövzular ətrafında müzakirələr aparıblar.
Tədbiri giriş sözü ilə açan Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev bildirib ki, Füzuli Mərkəzi Parkının konsept-layihəsi Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri nəzərə alınmaqla hazırlanıb. Onun sözlərinə görə, parkın salınması ərazidə ekoloji tarazlığın bərpasına ciddi töhfə verməklə yanaşı, Füzuli sakinlərinin, şəhərin qonaqlarının və turistlərin istirahəti üçün ən gözəl məkanlardan birinə çevriləcək.
“By Medgalchi” MMC-nin direktoru, layihə rəhbəri Hüseyn Medqalçı Füzuli Mərkəzi Parkının layihəsi haqqında görüş iştirakçılarına geniş məlumat verib. Qeyd edib ki, müxtəlif ağac növlərinin və dekorativ kolların əkiləcəyi park sahəsində istirahət zonaları, açıq yaşıllıq sahələri, piknik və idman məqsədilə istifadə ediləcək zonalar, amfiteatr, kafe-restoranlar və sair kimi obyektlərin yaradılması nəzərdə tutulub.
Füzuli Mərkəzi Parkının prekonsept layihəsi ilə tanış olan görüş iştirakçıları mövzu ilə bağlı rəy və təkliflərini səsləndiriblər. Onlar parkın layihələndirilməsi zamanı beynəlxalq qabaqcıl təcrübənin nəzərə alınmasını, xüsusən də Füzulidən olan insanların fikir və təkliflərinin öyrənilməsini müsbət qiymətləndiriblər.
Xatırladaq ki, layihə Qarabağ Dirçəliş Fondunun sifarişi ilə həyata keçirilir. (AZƏRTAC)