İşğaldan azad edilən ərazilərdən Ağdam, Füzulidə mövcud torpaq sahələrinin 50 faizə yaxını, Cəbrayılda 45, Zəngilan və Qubadlıda təxminən 35, Laçın və Kəlbəcərdə isə 10 faizi əkinə yararlı sahələrdir. Bu torpaqların kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsi Qarabağa Böyük Qayıdış Dövlət Proqramının da əsasını təşkil edir. Nəzərə alsaq ki, Azərbaycanın kənd təsərrüfatı məhsullarından özünü təmin etmə səviyyəsi 25 faizdi, həmin ərazilər ərzaq təhlükəsizliyinin təminatında mühüm rol oynaya bilər.
Ekspert Natiq Cəfərli mövzuyla bağlı bildirib ki, Azərbaycanın digər bölgələrinə nisbətən həmin bölgələrdə su problemi yoxdur. Suvarma ilə ciddi problem yaşayan Aran bölgələrinə nisbətən sözügedən rayonlarda həm dəmiyə torpaqlarının həcmi çoxdur, həm suvarma, su qabiliyyəti, su mənbələri çoxdur, eyni zamnda suvarılan torpaqların həcmini də artırmaq olar. Nəticə etibarilə bu da mıəhsuldarlığın yüksəlməsinə və həmin bölgələrdə kənd təsərrüfatı sahələrinin istehsalı, həm də emalı ilə bağlı müəssisələrin də yaranmçasına səbəb ola bilər.
Özünütəminat demişkən, qeyd edək ki, strateji məhsullardan ərzaqlıq buğdaya ölkənin illik tələbatı 1,6-1,7 milyon tondur. Bunun 75 faizi Rusiya, eləcə də Qazaxıstan kimi ölkələrdən idxal hesabına qarşılanır. Mütəxəssislər hesab edir ki, Füzuli, Ağdam, Zəngilan, Cəbrayıl rayonları buğda üçün perspektivli ərazilərdir. Həmin ərazilərdə buğda sahələrinin salınması ilə ölkənin idxaldan asılılığını 25 faizə endirmək mümkündür.
Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev bununla bağlı açıqlamasında bildirib ki, Zəngilan rayonunun özü kənd təsərrüfatı ilə zəngin bir rayondur. Həm heyvandarlıq, həm bağçılıq, həm taxılçılıqla zəngin rayondur. Əlbətə ki, Zəngilan rayonunun əhalisinin çox hissəsi bu sahələrdə çalışacaqdır.
Qeyd edək ki, azad torpaqlarda əhalinin məşğulluğunu təmin edə biləcək digər sahələr isə arıçılıq və heyvandarlıqdır. Laçın və Kəlbəcər yaylaqlarındakı otlaqlara heyvanların dislokasiya edilməsi üçün portal yaradılıb. Bu günədək portalda çoxsayda arıçılıq və heyvandarlıq təsərrüfatları qeydiyyatdan keçib.
Hazırladı: Tahirə AĞAMİRZƏ