Bir neçə aydır ki, 1 hektar ərazidə avtomatika və telemexanika istehsalı zavodunun tikintisi aparılır. Müəssisədə dəmir yollarında siqnal sistemi üçün avadanlıqlar istehsal olunacaq. İstehsalçı isə Ağdam Sənaye Parkının rezidentidir. Bununla da ölkənin sənaye tarixində daha bir ilk məhz Qarabağda gerçəkləşəcək.
Tikinti üzrə layihə rəhbəri Seymur Qəhrəmanovun İTV-yə açıqlamasında bildirib ki, burda istehsal olunan avadanlıqların iqtisadiyyatımıza böyük köməyi dəyəcək. Ən azından həmin bu avadanlıqlar ilk olaraq Azərbaycanda istehsal olunacaq və bu avadanlıqların istehsalın lokallaşdırılması əsas məsələ kimi öndə durur: “Ümumi tikinti sahəmiz hardasa 2760 kvadrat metr ərazini əhatə edir. İki istehsal sahəsi var. Əlavə olaraq, köməkçi bina, ofis binasını bu formada zavodumuz planlaşdırıb, layihələndirib”.
İstehsalçının yerli tələbatı təmin etməklə yanaşı, xarici bazarlara çıxış etmək fikri də var. Seymur Qəhrəmanov bildirib ki, dəmir yol sahəsində lazım olan avadanlıqların istehsalı nəzərdə tutulur. O, bildirib ki, əsas təhcizat Rusiyadan idi, gələcəkdə bu da nəzərdə tutulub ki, xaricə də ixrac olunsun.
Bu günə qədər işlərin 20 faizi yerinə yetirilib. Tikinti işləri tam sürətlə davam etdirilir. Sonrakı mərhələdə isə binanın daxilindəki işlər, avadanlıqlar, təchizat və abadlıq işləri görüləcək. Onu da qeyd edək ki, hazırda azad olunan ərazilərdə aparılan bərpa və quruculuq işlərində keçmiş məcburi köçkünlərə üstünlük verilir. Onlar torpaqlarını öz alın təri ilə dirçəldir.
Ağdamın Muradbəyli kəndindən olan işçi Tofiq Hacıyev bildirib ki, burda tikiti, hörgü, suvaq, malyar, belə işlərin hamısını biz görürük. Öz ərazimizdə çalışmaq çox gözəldir.
Qeyd edək ki, zavodun tikintisinə oktyabrın 5-də başlanılıb. Qısa zaman kəsiyində görülən işlərin sürəti inşaanın tezliklə sonlanacağından xəbər verir. Müəssisənin aprelin sonu, mayın əvvəli tamamilə təhvil verilməsi planlaşdırılır.
Hazırladı: Tahirə AĞAMİRZƏ