Bu sözləri müsahibəsində “Azərişıq” ASC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Vaqif Mustafayev söyləyib.
“Azərişıq” ASC-nin Hadrutda təşkil etdiyi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Türkdilli dövlətlərin gənc energetikləri arasında “Paylayıcı Şəbəkələrin Rəqəmsal Transformasiyası” Birinci Beynəlxalq Peşə Ustalığı Yarışmasının iştirakçılarının “Hadrut” qovşaq yarımstansiyasına böyük maraq göstərdiyini deyən V.Mustafayev bildirib ki, qonaqlar burada gördükləri yenilikləri gələcəkdə öz ölkələrində tətbiq etmək niyyətində olduqlarını diqqətə çatdırıblar.
"Qonaqların diqqətini çəkən əsas məqam “Hadrut” qovşaq yarımstansiyasında 35/0,4 kV-luq müasir şəbəkə modelinin, 35 və 0,4 kV-luq fiber-optik kabellərin, kompozit şüşə-lifli dayaqların tətbiq sahələri, perspektiv inkişafı və üstünlüklərinin əyani şəkildə təqdim edilməsi oldu. 35/0,4 kV-luq müasir şəbəkə modeli iqtisadi baxımdan həm rentabellidir, eyni zamanda, çox rahat şəkildə idarə olunan bir şəbəkidir.
“Azərişıq” rəsmisi deyib ki, “Şükürbəyli”, “Hadrut” və “Şuşa” yarımstansiyaları arasında yaradılan 35 kV-luq dairəvi elektrik təchizat sxeminə daxil olan 35/0,4 kV-luq 2x1600 kVA gücündə yeni “Hadrut” qovşaq yarımstansiyası Hadrut qəsəbəsində qurulacaq müxtəlif təyinatlı infrastrukturun elektrik enerjisinə tələbatını ödəyəcək. Həmçinin qovşaq yarımstansiyası Xocavənd rayonunun bir hissəsinin, Şuşa və ətraf ərazilərin elektrik təchizatının etibarlılığını və dayanıqlılığını təmin edir. (AZƏRTAC)