15.05.2025, 09:38
AZ EN
08.03.2022, 10:50 219

Ağdam hər birimizin gözləri önündə sanki yenidən doğulur

QARABAĞ

Uzun illər ərzində həsrətində qaldığımız, 2020-ci il noyabrın 20-də işğaldan azad olunmuş doğma Ağdamda aparılan bərpa-quruculuq işləri hər birimizdə böyük ümidlər yaradır, tarixi, şərəfli, təminatlı qayıdışa qısa müddətdə nail olacağımıza inanıram. İşğala məruz qalmış Ağdamı, erməni vandalları tərəfindən dağıdılmış yurd yerlərimizdə gördüklərimiz nə qədər dəhşətli, ürək ağrıdan olsa da, yeni qurulacaq Ağdam təsdiq edilmiş baş plan əsasında dünyanın ən gözəl, inkişaf etmiş bir şəhərinə çevriləcəkdir ki, bu da sabaha olan ümidlərimizə əminlik yaradır.

Ağdamın yenidən qurulması, bir sıra mühüm tədbirlər çox böyük tarixi, siyasi-iqtisadi əhəmiyyət daşıyır, eyni zamanda xüsusi diqqət tələb edir. Görülən işlərlə bağlı respublikamızın informasiya vasitələrinin yaydığı məlumata görə, artıq çox mühüm əhəmiyyət kəsb edən məsələlər öz əksini tapıb və ardıcıl olaraq həyata keçirilir. Respublikamızda ən böyük kənd təsərrüfatı rayonlarından olan Ağdam özünün inkişafı baxımından çox məsuliyyətli bir dövrü yaşamaqdadır. Fəlsəfi, həm də real düşüncə baxımından Ağdam hər birimizin gözləri önündə sanki yenidən doğulur, inkişaf yollarını addımlamağa başlayır.

Əcdadlarımızın uyuduğu müqəddəs and yerimiz, qoynunda göz açdığımız, xatirələrimizin yadigarı, vətənimizin daxilində böyük vətən, Qarabağ xanlığının iqamətgahı olan Ağdama indi yeni bir həyat gəlməkdədir. Qarabağın yenidən qurulması ilə bağlı Prezident İlham Əliyev cənablarının sərəncamı ilə yaradılmış xüsusi nümayəndəliyin Ağdamda yerləşməsi böyük əhəmiyyət daşıyır desəm, yəqin ki yanılmaram.

Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuzun rəşadətli qələbəsi nəticəsində siyasi münasibətlərin tənzimlənməsi, təbiətin bizə bəxş etdiyi fəsil baxımından da işğaldan azad olunmuş yurd yerlərimizə bahar təravəti gəlməkdədir.

Dünyanın müxtəlif yerlərində güc və regional birliklərin maraqlarının, məkrli siyasi baxışlarının toqquşduğu bir zamanda qazandığımız Zəfəri qoruyub saxlamaq üçün xalqımızın milli birliyi həmişəkindən çox vacibdir. Strateji planlarımızı, xüsusilə Qarabağda aparılan quruculuq işlərini həyata keçirmək baxımından indiki şəraitdə çox diqqətli olmalıyıq.

İşğala məruz qalan dövrə qədər Ağdam rayonunun üzümçülük, taxılçılıq, pambıqçılıq və kompleks heyvandarlıq baxımından inkişaf etməsi hamımıza məlumdur, sənaye müəssisələri, tikinti təşkilatları, xidmət birlikləri, nəqliyyat, səhiyyə, təhsil, mədəniyyət müəssisələrinin, adam başına düşən ticarət dövriyyəsi baxımından keçmiş ittifaqda hər zaman nümunəvi olan Ağdamımızı yaxşı xatırlayırıq, bir sıra ilklərin, beynəlxalq festivalların mərkəzinə çevrilmiş Ağdamın tarixi şöhrətini özünə qaytarmaq vətəndaş borcumuzdur və hər bir müsbət fəaliyyət tariximizdə əbədi yaşayacaqdır.

Ulu öndər Heydər Əliyev: "Ağdam rayonu o vaxt bizim ən varlı rayonumuzdan biri idi, iqtisadi cəhətdən çox varlı idi. Çünki Ağdamın gözəl torpaqları, çox gözəl təbiəti, çox fədakar, zəhmətkeş insanları var. Onlar da bu torpaqdan, bu təbiətdən istifadə edərək, şübhəsiz ki, yüksək nailiyyətlər əldə etmişlər və buna görə də Ağdam Azərbaycanın varlı rayonlarından biri idi. Ağdamdan olan insanlar Azərbaycanın elmini, mədəniyyətini inkişaf etdirmişlər. Ona görə də ağdamlılar fəxr edə bilərlər ki, onların belə gözəl bir diyarı var, gözəl şəhər olmuşdur və bundan sonra ondan da gözəl olacaqdır".

Bəli, Ağdam haqqında deyilmiş bu xoş və qiymətli fikirləri xatırlamaqla müasir Ağdamımızın dünyanın ən gözəl, firavan bir regionuna çevriləcəyinə, itirilmiş, nisgilli illərimizin xoşbəxt günlərlə əvəz olunacağına inanıram. Əlbəttə ki, hər zaman öz həyatlarını vətən torpağının azadlığına qurban vermiş şəhidlərimiz qəlbimizin ən uca zirvəsində əbədiləşəcəklər!

Ağdam, Qarabağın toy otağısan,

Bülbüllər səyrişən gül yatağısan,

Həmişə baharın gülşən bağısan,

Nə gözəl yaraşır ad sənə, Ağdam!

Baxdıqca oluram şad sənə, Ağdam!

Yenə Şahbulağın sorağı gəlir,

Xaçının axışıb qonağı gəlir,

Elimin nə gözəl növrağı gəlir,

Layiqdir bu gözəl ad sənə, Ağdam!

Baxdıqca oluram şad sənə, Ağdam!

Bu misraların müəllifi İsgəndər Novruzlu həqiqətən də Ağdamımızı çox gözəl vəsf etmişdir.

Sadə insan, dünya şöhrətli alim X. Məmmədov deyirdi:

"Dünya başıma dolanmasın deyə, özüm dünyanı dolanmağa başlamışdım. Ancaq haraya üz tuturamsa-tutum, yolum Qarabağdan, Ağdamdan, kəndimizdən keçərdi".

Əziz dostlar, uzun illər əlimiz çatmadığı, indi isə ovcumuzun içində olan Ağdamda görüşmək, bayramlar keçirmək qismətimiz olsun!

Sabit ƏZİMOV

Oxşar xəbərlər