Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı bildirib ki, hazırda kəndin sosial infrastrukturunun müasir səviyyədə qurulması üçün zəruri işlər görülür. 14 kilometr uzunluğunda 10 kV-luq elektrik xətti təmir-bərpa edilib, sayğaclaşdırma prosesinə başlanılıb, 10 kilometrdən çox uzunluğu olan təbii qaz xətti çəkilib, 4 kilometr uzunluğunda mövcud xətt bərpa olunub, artezian quyusu, həcmi 400 kubmetr olan su anbarı və içməli su şəbəkəsi təmir edilib, 10,4 kilometr uzunluğunda rabitə xətti çəkilib, abonentlərin stasionar telefon, internet və İPTV xidmətləri ilə əhatə edilməsi təmin olunub. İki kilometrdən çox uzunluğu olan kənddaxili yollar asfaltlanıb. Ümumtəhsil müəssisəsinin binasının təmir-bərpası ilə bağlı hazırlıq işləri görülür, ambulatoriya mərkəzi və market üçün nəzərdə tutulan bina əsaslı təmir edilir. Kənddə bir hektar sahədə istirahət parkı salınıb.
Xatırladaq ki, Prezident İlham Əliyev iyulun 18-də Xocalının Xanyurdu kəndində olub, sakinlərlə görüşüb. (AZƏRTAC)