25.02.2026, 18:45
AZ EN
25.02.2026, 16:30 173

“Suqovuşan” susuz torpaqları yenidən canlandırır

QARABAĞ
  • Tərtər və ətraf rayonların suvarma suyu ilə təminatında əhəmiyyətli rol oynayan “Suqovuşan” su anbarında ekoloji pozuntuların aradan qaldırılması istiqamətində mühüm işlər görülüb. İşğal dövründə dağıntılara və qanunsuz istismara məruz qalmış anbarda suyun buraxılmaması Tərtərçayda da kəskin ekoloji problemlər yaratmışdı. Vətən müharibəsindən sonra su anbarında təmir-bərpa işlərinin aparılması, təmizləyici qurğuların yeniləri ilə əvəz olunması işğalın fəsadlarını əhəmiyyətli dərəcədə azaldıb.

Suqovuşanın işğaldan azad olunması ərazidə ekoloji tarazlığı bərpa etməklə yanaşı, uzun illik fasilədən sonra ətraf ərazilərə suyun verilməsi əkin sahələrinin davamlı olaraq suvarılmasına və kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə təminat yaradıb. Artıq “Suqovuşan” su anbarından Tərtərçaya suyun buraxılması nəticəsində Tərtər, Goranboy, Bərdə, Yevlax rayonlara və digər ərazilərə suyun verilməsi təmin olunub. Bu isə o deməkdir ki, ermənilərin ekoloji terroru səbəbindən 30 ildən artıq susuz qalan torpaqlara yenidən həyat qayıdır.

Xatırladaq ki, “Suqovuşan” su anbarı Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə inşa edilib. Tərtərçay və Turaqaçay çaylarından qidalanan anbarın ümumi su tutumu 5,86 milyon kubmetrdir ki, bu da ətraf 7 rayonun suvarma suyu ilə təminatında əvəzedilməz rola malikdir. Su anbarı ümumilikdə 96 min 217 hektar torpaq sahələrinin suvarılması üçün nəzərdə tutulub.

2022-2023-cü illərdə “Suqovuşan-1” (4,8 meqavat) “Suqovuşan-2” (3 meqavat) stansiyalarında əsaslı yenidənqurma, təmir-bərpa işləri aparılıb. Həmçinin qəsəbədə Tərtər yarımstansiyasından 35 kilovoltluq yeni elektrik xətti çəkilib, daxili şəbəkəyə aid hava xətləri bərpa edilib. Uzunluğu 28,8 kilometr olan Tərtər-Çaylı-Suqovuşan-Talış avtomobil yolunun yenidən qurulması, su anbarı üzərindəki kiçik elektrik stansiyasının işlək hala gətirilməsi, sakinlərin doğma yurda qayıdışı da Suqovuşana yeni həyat bəxş edib.

Röya SALMANQIZI

Oxşar xəbərlər