“Vətən səsi” xəbər verir ki, bu haqda Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov paylaşım edib. Prezident İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” əsasında yenidən qurulan məktəbdə inşaat işlərinin gedişini izləmək üçün Şuşaya səfər edən nazirlik rəsmisi “Şuşa 1 nömrəli məktəbin tikinti sahəsindəyik. Şuşanın yeni tarixi məktəblə qurulur”, - deyə qeyd edib.
Xatırladaq ki, işğaldan sonra müvəqqəti olaraq Bakı şəhərində fəaliyyətini davam etdirən Şuşa şəhər 1 nömrəli tam orta məktəb rayonun ən qabaqcıl təhsil müəssisələrindən sayılır. Belə ki, 2022/2023-cü tədris ilində IX siniflər üzrə buraxılış imtahanı verən şagirdlərdən 12 nəfəri 200-dən yuxarı bal toplayıb. Hazırda doğma ünvanda – Şuşa şəhərində tikintisi başa çatmaqda olan məktəbin yeni tədris ilindən etibarən istifadəyə veriləcəyi gözlənilir.
Elxan SALAHOV