Tikintidə iş icraçısı Rüfət Şəfiyev bildirib ki, bir hektar ərazidə inşa edilən üçmərtəbəli məktəb binası beş blokdan ibarət olacaq. Binanın ümumi tikinti sahəsi 3 min 261 kvadratmetrdir. Məktəb binasında sinif otaqları, laboratoriya və fənn kabinələri, akt zalı, idman zalı, kitabxana, yeməkxana, xidməti otaqlar yaradılacaq. Bina istilik, elektrik və müşahidə sistemləri ilə təmin ediləcək. Məktəbin həyətində idman meydançası, nasosxana, qazanxana, transformator binası, içməli və yanğın su anbarları inşa ediləcək, abadlıq işləri həyata keçiriləcək.
İşlər yüksək keyfiyyətlə, tikinti normalarına uyğun şəkildə aparılır. Hazırda binanın ikinci mərtəbəsində qəlib-dəmir-beton və hörgü işləri görülür.
Tikintidə çalışanların əhval-ruhiyyəsi yüksəkdir. Şuşa şəhərindən olan Namizəd Əhmədov işğaldan azad edilmiş ərazilərin bərpasında iştirak etdiyi üçün qürur duyduğunu deyib: “Mən çox sevinirəm ki, Qarabağımız işğaldan azad edilib, doğma torpağımıza qayıtmışam. Allah şəhidlərimizə rəhmət eləsin. Ali Baş Komandana, qazilərimizə cansağlığı versin. Bu gün ikitərəfli sevincliyəm. Həm torpağıma qayıtmışam, həm də Şuşanın bərpasında iştirak edirəm”.
Tikintidə çalışan Əkbər Paşayev isə deyib: “Bu günləri çox sevincliyik, qürurluyuq. Həmişə arzu edirdik ki, Şuşamız işğaldan azad olunsun. Şükür Allaha ki, bu günü gördük. Çox sevinirəm ki, Şuşanın qurulmasında mənim də əməyim var”. (AZƏRTAC)