"Vətən səsi" xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidməti bununla bağlı ötən ay keçirilmiş tenderin nəticələrini açıqlayıb. “Ağdam rayonunun Eyvazxanbəyli kəndində söküntü və şaquli planlaşdırma işlərinin satın alınması” adlı tenderin qalibi “Kontur Arxitektura Layihə-Sənaye” QSC seçilib. Tenderin nəticələrinə uyğun olaraq sifarişçi tərəflə qalib şirkət arasında ümumi dəyəri 1 milyon 884 min 464 manat məbləğində müqavilə imzalanıb.
Bağlanmış müqaviləyə əsasən, Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidməti aşağıdakı xidmətləri “Kontur Arxitektura Layihə-Sənaye” QSC-dən satın alacaq:
- Eyvazxanbətli kəndində dağılmış evlərin və hasarların söküntü işləri;
- Baş Plan-Şaquli Planlaşdırma.
Razılaşdırılmış şərtlərə əsasən söküntü işləri aparılarkən ərazidə müvəqqəti binalar və qurğuların tikintisi, habelə qış vaxtı tikinti və quraşdırma işlərinin yerinə yetirilməsi zamanı yaranan əlavə xərclər də mütləq nəzərə alınmalıdır.
Xatırladaq ki, Eyvazxanbəyli kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər. İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderları arasında imzalanmış üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu, o cümlədən Maqsudlu kənd inzibati ərazi dairəsində yerləşən Eyvazxanbəyli kəndi işğaldan azad olunub.
Elxan SALAHOV