06.02.2025, 13:38
AZ EN
06.02.2025, 10:26 214

Şuşada SOCAR-ın yanacaqdoldurma stansiyası istifadəyə verilib

QARABAĞ
  • Şuşa şəhərində SOCAR brendli ilk stasionar yanacaqdoldurma stansiyası (YDS) istifadəyə verilib.

SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, yeni yanacaqdoldurma stansiyasının açılış mərasimində “SOCAR Petroleum” QSC-nin rəhbər heyəti və qonaqlar iştirak ediblər. Tədbirdə xüsusən son illər ərzində görülən işlərdən və qarşıda duran hədəflərdən danışılıb. QSC-nin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı fəaliyyətindən bəhs edilib. Həmçinin kollektivə yeni qoşulan əməkdaşlara fəaliyyətlərində uğurlar arzu olunub.

Qeyd edək ki, ölkəmizdə məşğulluq səviyyəsinin artırılması və əhalinin sosial rifahının yaxşılaşdırılması siyasətinə uyğun olaraq, yanacaqdoldurma stansiyasının açılması ilə bərabər, 26 yeni iş yeri də yaradılıb.

Sürücülərin ən çox istifadə etdiyi yollardan olan Şuşa-Xankəndi-Laçın yolunda fəaliyyətə başlayan yeni YDS-də 3 yanacaqpaylayıcı kalonka quraşdırılıb. Burada “Aİ-92”, “Aİ-95” Premium, “Aİ-98” Super və “Dizel” markalı yanacaq məhsullarının satışı həyata keçirilir. Eyni zamanda, elektrormobillər də nəzərə alınaraq stansiyada enerji doldurma məntəqəsi də istismara verilib. YDS nağdsız satış üçün POS-terminallar ilə təchiz edilib.

Xatırladaq ki, hazırda fəaliyyətə başlayan YDS-lə birlikdə ölkə ərazisində SOCAR brendli 69 yanacaqdoldurma stansiyası və 13 neft bazası sahəsi fəaliyyət göstərir ki, onlardan 9-u işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yerləşir. (AZƏRTAC)

Oxşar xəbərlər