Füzuli Rayon Mərkəzi Xəstəxanası
Bu günlərdə Azərbaycan televiziyasının çəkiliş qrupu Füzulidə olaraq burada inşa edilən mərkəzi xəstəxananın tikintisi ilə yaxından tanış olub. Bildirilir ki, mərkəzi xəstəxana təkcə Füzulinin deyil, regionun ən böyük və müasir tibb mərkəzlərindən biri olacaq. 4,5 hektar ərazidə yerləşən mərkəzi xəstəxana bir əsas korpus və 6 köməkçi binadan ibarətdir. Əsas korpus zirzəmisi olan bir, iki, üç və dörd mərtəbəli binadan ibarətdir. Həmin korpus 11 blokdan ibarət olacaq. Burada 180 çarpayılıq stasionar şöbə, əməliyyat otaqları, poliklinika və təcili tibbi yardım mərkəzi fəaliyyət göstərəcək. Ən müasir tibbi avadanlıqlarla təchiz ediləcək xəstəxanada müayinə və müalicə işinin yüksək səviyyədə həyata keçirilməsi üçün hər cür şərait yaradılacaq.
Mərkəzin artıq dəmir-beton işləri yekunlaşmaq üzrədir. Burada paralel olaraq hörgü, rəngsaz, mep işləri də davam etdirilir. Əsas korpusun son örtüyünün armaturlanma işləri görülür. Bundan sonra isə beton işləri həyata keçiriləcək.
Mərkəzin həyətində bir ədəd nasosxana və iki ədəd yanğın əleyhinə son barının tikintisi nəzərdə tutulur. Qazıntı işləri başa çatmaq üzrədir. Bundan sonra tikinti işlərinə başlanılacaq.
Qeyd edək ki, Füzuli Mərkəzi Xəstəxanasının tikintisinin 2027-ci ildə başa çatdırılması nəzərdə tutulub.
Füzuli Peşə Təhsil Mərkəzi
Hazırda tikintisi sürətlə davam etdirilən binalardan biri də Füzuli Peşə Təhsil Mərkəzidir. Qeyd edək ki, 700 nəfərlik mərkəz gənclərin peşə bacarıqlarına yiyələnməsi və bölgədə ixtisaslı kadr ehtiyacının qarşılanması məqsədilə inşa olunur. Burada həmçinin, idman infrastrukturu və emalatxanalar, texniki avadanlıqların saxlanılması üçün anbarlar, hətta aviasiya texnikaları üzrə təmir bazaları da yaradılacaq.
Hazırda üç emalatxanada işlər yekunlaşmaq üzrədir. Yataqxana və daha bir emalatxana binasında isə işlər davam etdirilir.
Hazırladı: Mina RƏŞİD