“Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin icraçı direktoru Övsət Həmidov bildirib ki, Ağdam rayonunun Kəngərli kəndində şişən və çökən qruntun dərinliyi 1 metrdən 2 metrə qədərdir. Sarıcalı və Xıdırlı kəndlərində bu göstərici daha da çoxdur. Bünövrə dərinliyinin çoxalması isə inşaat işlərində məsrəfi artıran amillərdəndir.
“Bunun aradan qaldırılması üçün bir neçə qurumla torpaqbərkitmə işlərinin effektiv formada aparılması məqsədilə danışıqlar aparılır və hesabatlar hazırlanır. Hesabatlar hazır olandan sonra müvafiq qurumlara təqdim olunacaq. Torpaqbərkitmə işlərinin həyata keçirilməsi torpaq kütləsinin qazılması və daşınmasını azaldacaq. Bu da Qarabağda bir yeniliyə səbəb olacaq. Biz bunun üzərində ciddi çalışırıq və düşünürəm ki, bunu həyata keçirəcəyik. Bu, həm dövlət büdcəsinin qənaətinə, həm də artıq qruntun daşınmasının azalmasına səbəb olacaq”, – deyə Övsət Həmidov bildirib. (AZƏRTAC)