Qarabağın hakimi Pənahəli xanın göstərişi ilə inşa olunan XVIII əsrə aid Əsgəran qalası Azərbaycan memarlığının nadir nümunələrindəndir. Qala Şuşadan 24, Xocalıdan isə 5 kilometr məsafədə yerləşir.
Qalanın salınması Qarabağ xanlığının yüksəliş dövrünə təsadüf edib. Sağ sahil istehkamı bürclərlə möhkəmləndirilmiş ikiqat daş divarlardan ibarətdir. Bütün bürclər ikimərtəbəli olub, bir-birləri ilə ikimərtəbəli qala dəhlizləri ilə birləşdirilib.
Xocalı şəhəri 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra qala dağıntılara məruz qalmışdı. Bu abidə işğalçılar tərəfindən erməniləşdirilməyə məruz qalan abidələrmizdən biridir. Ermənistan tərəfi işğal dövründə Əsgəran qalasında qanunsuz “bərpa-tikinti” işləri aparıb, özünküləşdirmək naminə tarixi abidənin görkəminə ciddi zərər vurublar.
2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra Əsgəran qalası da separatçılardan azad edilib.
İndi qala Azərbaycan dövləti tərəfindən bərpa olunur. Qala-kompleksinin dizayn layihəsi “Mədəni və təbii irs”, “İnfrastruktur və xidmətlər”, “Əyləncə və istirahət”, “Marketinq və təşviqat” olmaqla, 4 istiqaməti əhatə edən konsept üzrə hazırlanıb. Layihəyə əsasən, qalanın konservasiyası, möhkəmləndirilməsi, arxeoloji qazıntıların aparılması və açıq səma altında tarixi parkın yaradılması nəzərdə tutulur.
Qala ərazisində müxtəlif rekreasiya xidmətlərinin də təklif olunduğu yaşayış kompleksinin inşası, daxili yol şəbəkəsinin (piyada və nəqliyyat) hazırlanması planlaşdırılır.
Kompleks ərazisində ilin dörd fəslində festival və mədəni tədbirlərin keçirilməsi, idman, istirahət və əyləncə, ticarət, ictimai iaşə və digər sahələr üzrə müvafiq infrastrukturun yaradılması nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olublar. (AZƏRTAC)