İdeyası qədim Şərqin imperator saraylarından götürülən və ermənilərin məhv etdiyi “Ağdam Çay evi” 80-ci illərin əvvəllərində alim, ictimai-siyasi xadim Xudu Məmmədov xarici təqvimdə Çin-Yapon üslubunda tikilən imperatora məxsus sarayın fotosunu Ağdam rayon partiya komitəsinin katibi Sadıq Murtuzayevə göstərir. I katib bu üslubda çay evi tikdirmək qərarına gəlir. Xudu Məmmədov bu ideyanı dəstəkləyir və binanın maketini hazırlayır. Tikinti işlərinə də özü rəhbərlik edir. Yeni tikilinin məscidin yaxınlığında inşa edilməsi nəzərdə tutulur. Qərar verilir ki, “Çay evi” SSRİ rəhbərliyinin icazə veriləcəyi tərzdə olsun. Tikinti xərclərini azaltmaq üçün məhbus əməyindən istifadə olunur. “Çay evi”nin inşasında könüllü olaraq çalışanların sayı da çox idi. Layihənin baş memarı Naiq Səmədov olur. Tikinti işlərinə Novruz bayramında başlanılır. Hörgü işləri yalnız birinci mərtəbədə gedir. Qalan hissələr dəmir konstruksiyalardan quraşdırılır. 100 tona yaxın metal konstruksiyadan istifadə olunur. Binanın pilləkənləri daxildən nəzərdə tutulur. Lakin xanımların rahat qalxıb-enməsi üçün çöldən qoyulur. “Çay evi”nin tikintisi zamanı ən böyük çətinlik damın vurulmasında yaşanır. Şahidlərin dediyinə görə Çay evinin günbəzinin metal konstruksiyasın o vaxtlar Melkombinatın tikinti ilə məşğul olan 48 nömrəli idarəsinin baş mühəndisi Cəfərov Nazim yığıb. Bundan sonra isə Mamed günbəzin özün yığır. Bina daxili imkanlar hesabına inşa edilir. Vəsait çatışmazlığı zamanı əslən Şuşadan olan uzun illər “Çay evi”nin direktoru vəzifəsində çalışacaq Şamil Həsənovun hesabına işlər tamamlanır. 1986-cı il iyulun 26-da açılış tədbiri keçirilir. Burada yalınz çay verilmir, eyni zamanda xəmir xörəkləri də təklif edilirdi. Məscidə yaxın yerləşdiyi üçün spirtli içki verilmirdi. Həmin ərəfədə SSRİ-də “Alkoqolsuz həyat” kampaniyasına başlanılmışdı. Moskvada keçirilən sərgidə “Sovet dövrünün qeyri-adi layihələri” sırasına düşür. Qeyd edək ki, oxşar binanı Kəlbəcərdə də tikmək istəyirlər, layihəsi hazır olsa da, nədənsə reallaşmır. 1993-cü ildə Ağdamın ermənilər tərəfindən işğalı zamanı rayonun rəmzi olan “Çay evi” yandırılır. 2015-ci ildə Ağdamın Quzanlı qəsəbəsində bənzəri istifadəyə verilib.
Hazırladı: Tahirə AĞAMİRZƏ