08.09.2024, 06:06
AZ EN
15.11.2023, 13:25 314

Zarıslı: Xan qızına məxsus tarixi kənd

QARABAĞ
  • Zarıslı kəndi Şuşa-Laçın yolunun demək olar ki, tən ortasında yerləşir. Burdakı abidə, daha doğrusu, abidənin qalıqları isə Kor Mürsəlin karvansarası kimi tanınırdı. Kənd Zarıslı çayının sahilində, Sarıbaba dağının ətəyində yerləşir. Yaşayış məntəqəsi XIX əsrdə Azərbaycan şairəsi Xan qızı Xurşud Banu Natəvana məxsus olub. Mənbələrdə XIII əsrdə adı çəkilən Zarıslının toponimi güman etmək olar ki,  əslində sarısudu. Zarıslı da vandal ermənilərin  yerlə yeksan etdiyi kəndlərdən biridir. Tarixi mənbələrdə bu kəndin hələ 1727-ci ildə mövcud olduğu bildirilir. Xurşud Banu Natəvanın çəkdirdiyi su xətti də Zarıslıdan keçir. Kəndin coğrafi mövqeyi Şuşa-Laçın yolunun mərkəzində yerləşməsi Zarıslının digər yaşayış məntəqələrindən tez və sürətli inkişafına səbəb olmuşdur.

Fəxrəddin Hacıbəyli  İTV-nin Zarıslıdan hazırladığı reportajda daha ətraflı məlumat verib: “Biz Zarıslının üst hissəsində dayanmışıq. Kənd iki hissədən ibarətdir. Aşağı kənd, yuxarı kənd. Biz dayandığımız bu məkan, yəni Kor Mürsəlin karvansarası olan məkan Zarıslının üst hissəsidir. Orada evlərin qalıqları qalıb. İşğala qədər, yəni 1992-ci ilin may ayına qədər bu evlərdə yaşayış vardı. İnsanların əsas məşğuliyyəti maldarlıq olub. Zarıslı qaymağı ilə məşhur olub. Bildiyimiz kimi, bu barədə şeirlərdə də var, poeziyamızın bəzi məqamlarında,  Zarıslının qaymağ, Şuşanın balı...”

Əslən Zarıslı kəndindən olan və hazırda Şuşada yaşayan Fəxrəddin Hacıbəyli ata evinin yerini də göstərərək deyir ki, burda mağaza vardı, qarışıq mallar mağazası deyirdik o dövrdə: “El arasında Qədir kişinin dükanı da deyirdik. Çox maraqlı bir məkan idi. Bu görünən yerdə, sağ tərəfdə babam Cəlalın evi var. Mina təhlükəsizliyinin qədərincə olmadığına görə ora enə bilmirik hələ ki...”

Qeyd edək ki, Zarıslıda çox az sayda bina, o cümlədən məktəb də qismən salamat qalıb. İnanırıq ki, tezliklə Zarıslı kəndi də, burdakı  məktəb də yenidən qurulacaq, bərpa olunacaq, yurd həsrətli  soydaşlarımız doğma ev-eşiyinə qayıdacaq. Zəngilanda, Laçında olduğu kimi burda da yenidən həyat öz axarına düşəcək.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər