Mədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələr üzrə təqdimatlarla davam edir. “Şuşa İli” münasibətilə həyata keçirilən layihənin “Azərbaycan musiqisinin məbədi – Şuşa” bölməsinin növbəti təqdimatı mədəniyyət paytaxtımızın musiqi məclislərinə həsr olunub.
Şuşa əzəldən Azərbaycanın musiqi beşiyi, mədəniyyət mərkəzlərindən biri sayılıb. Hələ XIX əsrin ikinci yarısında Şuşada muğam məclisləri təşkil olunub. Musiqi məclisləri əsl sənətkarlıq məktəbinə çevrilməklə yanaşı, bu sahənin inkişafına öz töhfəsini verib.
Azərbaycan musiqisinin və muğam sənətinin inkişafında yeni-yeni xanəndələr və musiqiçilər nəslinin yetişməsində Şuşanın tanınmış musiqi xadimlərinin yaratdığı məktəblər də mühüm rol oynayıb.
Onlardan biri XIX əsrin məşhur musiqişünası, klassik Şərq musiqisinin mahir bilicisi, şair Xarrat Qulu tərəfindən yaradılıb. Xarrat Qulunun məktəbinə səsi olan gənclər götürülüb, musiqi məclisləri təşkil olunub, Şərq musiqisinin əsasları, muğamlar, Azərbaycan el havalarını düzgün oxumaq qaydaları öyrədilib.
XIX əsrin sonlarında Şuşada fəaliyyət göstərmiş bir başqa musiqi məktəbi isə “Kor Xəlifənin məktəbi” (1883-1893) idi. Bu təhsil ocağı Molla Əli Molla Kəlbəli oğlu (təxəllüsü Kor Xəlifə) tərəfindən açılıb. Bu məktəbdə dini elmlərlə yanaşı, Şərq şairlərinin və mütəfəkkirlərinin əsərləri, klassik muğamlar, onların ifaçılıq xüsusiyyətləri, musiqi nəzəriyyəsi və praktikası, tar, kamança və digər musiqi alətlərinin ifası tədris olunub. Bir sözlə, “Kor Xəlifənin məktəbi”ndə kamil musiqişünas və ədəbiyyatçılar yetişib bu da öz növbəsində klassik musiqinin daha geniş təbliğinə rəvac verib.
Xarrat Qulu dünyasını dəyişəndən (1883) sonra görkəmli musiqişünas alim Mir Möhsün Nəvvab Qarabaği muğam ustadı Hacı Hüsünün yaxından iştirakı ilə Şuşada yeni musiqi məclisi təşkil edib. “Xanəndələr məclisi” də adlanan bu məclis uzun illər həm də musiqi məktəbi rolunu oynayıb. Yaradılmasında əsas məqsəd isə yeni xanəndələr nəsli yetişdirmək, bu sənəti xalq arasında geniş yaymaq və klassik Azərbaycan muğamlarını daha da inkişaf etdirmək olub.
XIX əsrin sonlarında Şuşada “Molla İbrahimin məktəbi” də məşhur olub. Bu musiqi məktəbi daha çox dini xarakter daşıyıb. Yalnız məlahətli, gözəl səsli, poeziyaya xüsusi həvəsli istedadlı gənclərin seçilib götürüldüyü bu təhsil ocağında klassik muğamlardan dərs keçilib, fars, ərəb dilləri öyrədilib. Məktəbdə Qarabağın bir sıra musiqi xadimləri, xanəndələri, eləcə də dahi vokalçı Bülbül, Mehralı oğlu Bahadır və digərləri təhsil alıblar. “Molla İbrahimin məktəbi” təxminən 1920-ci illərədək fəaliyyət göstərib. (mct.gov.az)