Soyadı türk kökənli bu zatıqırıq erməni jurnalistlərə müsahibə verərkən bir daha bəyan edib ki, “Arsax”ı Azərbaycanın tərkib hissəsi kimi tanımaq bütün ermənilər üçün qəbuledilməzdir. Onun fikrincə, bu baş verərsə, ya müharibə, qırğın, genosid olacaq, ya da ermənilər hamılıqla “Arsax”ı tərk edəcəklər. Babayan “baş verəcək genosid”ə görə demokratik dünyanın günahkar olacağını bəyan edib.
Bu separatçının bəyanatında, sadəcə, iki termini seçdirdik… Əvvəla, onun “bütün ermənilər”in adından danışmaq haqqı yoxdur. Heç “varçapet” Paşinyan özü bütün ermənilər adından danışmır, hərçənd ki, 44 günlük müharibədəki ağır məğlubiyyətdən sonra belə Ermənistanın ağlı başında olan vətəndaşlarının mütləq əksəriyyəti dövləti yönəltmək vəzifəsini yenə ona etibar edib. Bu, həm də o deməkdir ki, Paşinyanın imzaladığı təslim aktına həmin seçicilər də imza atıblar. Yəni Babayan “bütün ermənilər” deməklə başından böyük qələt eliyir.
İkinci seçdirməmiz “genosid” sözüdür. Hə, bax bu söz, həqiqətən, “bütün ermənilər”in dilində əzbərdir, hətta dünyanın bir sıra dövlətlərini və xalqlarını həmin yalana inandırıb, “əzabkeş xalq” imici qazanmaq üçün gecə-gündüz dəridən-qabıqdan çıxırlar.
İndi isə Babayan “demokratik dünya”nı guya Qarabağın dağlıq hissəsində Azərbaycan dövlətinin suverenleyinin tam təmin edilməsindən sonra “baş verəcək” genosid barədə xəbərdar edir. Özü də bu zaman hansısa arqumet gətirmədən…
Əslində, o, Qarabağın erməni icmasının taleyindən deyil, əgər özü Xankəndində qalarsa, başına gələcəklərdən narahatdır. Qarabağdakı faciələrin ideoloqlarından biri kimi, uzunmüddətli cinayətkar fəaliyyətinə görə, bu “tarixçi”nin Azərbaycan qanunlarının bütün ciddiyyəti ilə cəzalandırılacağı mütləqdir. Yəni Babayan öz dərisini qorumaq hayındadır… Bax, buna görə hadisələrin sonrası – gerisi barədə falçılıq edir, Qarabağda ermənilərin soyunun qırılacağı barədə şüvən qaldırır.
Azərbaycanın dövləti özünün dinc, mülki vətəndaşlarının, o cümlədən erməni azlığının hüquq və azadlıqlarını tam təmin etməyə qadirdir, millətlərarası münasibətlərin qarşılıqlı inam, səmimiyyət əsasında qurulmasının ən gözəl örnəyini bütün dünyaya nümayiş etdirir.
Qarabağdakı ermənilərin də bütün Azərbaycan vətəndaşları üçün yaradılan sosial rifah imkanlarından istifadə etmək fürsəti olacaq. Amma Babayan kimilərinə belə fürsət verilməyəcək və verilə də bilməz. Çünki heç bir cinayət cəzasız qala bilməz!
Elşən ƏLIYEV