Hələ sovetlər dönəmində Novruz bayramı zamanı azərbaycanlıların qanını qaraldan ermənilər bu ilin Novruz günlərində də qeyri-insani ənənələrini davam etdiriblər. Belə ki, martın 23-dən başlayaraq yeni təxribatlar törədən ermənilər silahlı qüvvələrimizin zərbəsindən sonra yenidən ağlaşmaya düşərək bir sıra beynəlxalq qurumlara müraciət ediblər ki, guya, Azərbaycan ordusu Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdəki ermənilərə hücum edir.
Saxtakarlıq beşiyi olan Ermənistanın bu yalanlarına inananlar da olub. Rusiya müdafiə nazirliyi isə, məlum olduğu kimi, birtərəfli mövqe bildirərək ermənilərin tərəfini tutub. Azərbaycanın qətiyyətli mövqeyindən sonra mövcud məsələ ölkəmizin xeyrinə həll olub və bundan sonra ermənilərin yalanları yeni məcraya daxil edilib. Belə ki, Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmond Marukyan daha da həyasızlaşaraq bildirib ki, «Azərbaycan düz deyir, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur, müstəqil «Arsax» var». Xatırladaq ki, bu erməni sərsəmləməsi rus dilli politoloq Aleksandr İskəndəryan tərəfindən isə təqribən 1 il öncə səsləndirilmişdi.
«Joğovurt» qəzetinin 28 mart tarixli sayında Ermənistan müdafiə nazirliyinin bir sıra yüksək vəzifəli zabitlərinin işdən azad olunması xəbər verilir və buna səbəb kimi göstərilir ki, Ermənistan ordusunda intihar halları məhz zabitlərin səhlənkarlığı üzündən baş verir. «Azərbaycan Müdafiə Nazirliyi Rusiyaya inad edir ki, Fərruxdan geri çəkilməyəcək» sərlövhəli yazıda isə normal məntiqdən uzaq fikirlər səsləndirilir, dünyanın beynəlxalq təşkilatlarının Azərbaycana təzyiq göstərməsi istənilir, Rusiyanın yenə də ermənilərə xəyanət etdiyi vurğulanır.
«Şərəfim var» fraksiyasının üzvü Tiqran Abrahamyan martın 28-də facebook səhifəsində yazıb ki, 2020-ci ilin avqustundan Azərbaycan ordusuna «nəzarət paketi» Türkiyənin əlindədir. Bu fikri şərh edən Laura adlı bir qadın isə bildirir ki, Qarabağı Rusiya, Ermənistanı isə Türkiyə alacaqdır.
«Fakt» qəzeti 28 mart tarixli sayında hökuməti ciddi təndiq edib. Qəzet yazır ki, «hökumət iclaslarda ayaqüstü qərarlar qəbul edir… bunlar isə kağız üzərində qalır». Qəzetin sözügedən sayında da ünvanımıza həyasızlıq yağışı yağdırılır.
«Hraparak» qəzeti də öz ənənəsindən əl çəkməyərək Ermənistan iqtidarını tənqid, Azərbaycanı isə təhqir edir. Ermənistanın tanınmış politoloqlarından olan Stepan Qriqoryanın Tamrazyan familyalı erməni jurnalistə verdiyi müsahibəni dinlədikdə isə belə qənaətə gəlirsən ki, o da həmkarı Xızmalyan kimi başqa planetdən gəlib ki, mövcud reallıqları görmürlər.
Unutmaq olmaz ki, ermənilərin get-gedə həyasızlaşmasının tarixi ənənəsi var və onlar bu ənənəni «Dəmir Yumruq» yeməsələr davam etdirmək istəyirlər.
Nəsib QARAMANLI