Bu "Tik tok" deyilən şəbəkəni kim yaradıb, nə vaxt yaradıb, niyə yaradıb deyə bilmərəm. Amma hayların "Hraparak" adlı agentliyi iki ayağını bir fransız ayaqqabısına dirəyib and-aman eləyir ki, Nikol Paşinyan Ermənistanın yox, "Tik tok"un baş naziridir. Sonra da yalanmı, düzmü, yenə bilmirəm, əlavə edib ki, Nikolun orada hesabı da var, tez-tez oraya girir, gah gülümsəyir, gah da ağız-burnunu əyir.
Həmin agentliyin Hasmik Babacanyan adlı yazarı da deyir ki, Nikolu yaxından görmüşəm, verdiyim suala cavab vermək əvəzinə, “Tik tok”a baxıb xeyli güldü, sonra da dedi ki, sən də varsanmı burda. Dedim yox, mən "arsaxdayam".
Nikolsa baxıb yenə gülümsədi və "xoşum gəldi səndən,"- deyib aralandı. Bax bu sətirləri oxuduqca bizim Maşallahoğlunun Nikola düzəltdiyi parodiyalar yadıma düşdü. İndi fikirləşirəm ki, görəsən, Nikol həmin parodiyalara görəmi gülürdü. Hasmik də yaxında deyil ki, ondan soruşam.
Nəsib