O qeyd edib ki, son iki ildə Azərbaycan əraziləri erməni işğalından azad edildikdən sonra burada operativ şəkildə bərpa və yenidənqurma işləri aparılır:
"Bu ilki səfərimdən əvvəl Qarabağla bağlı çoxlu məlumatlar oxudum. Düzünü desəm, yollarınızı necə tez bərpa edə bildiyinizi görüb heyrətləndim. Tamamilə fərqli bir mənzərə görəcəyimi gözləyirdim".
O, Azərbaycana son səfərindən sonra paytaxt Bakıda mühüm dəyişikliklər gördüyünü də vurğulayıb.
Qeyd edək ki, işğaldan azad olunan ərazilərə səfərləri çərçivəsində beynəlxalq səyahətçilər bu gün Xocavənddə Azıx mağarasında olub, Laçın-Xankəndi yolunda Azərbaycanın qeyri-hökumət təşkilatları nümayəndələrinin dinc etiraz aksiyasını müşahidə edib, Cıdır düzündə olub, icra hakimiyyətinin binasını ziyarət edib, Azərbaycan mədəniyyətinin məşhur xadimləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin erməni vandalizminə məruz qalmış büstlərinin olduğu mərkəzi meydanda şəkillər çəkdiriblər.
Nümayəndə heyətinin tərkibinə ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiya olmaqla 12 ölkənin nüfuzlu şəxsləri daxildir. ("Trend")